CƏMİYYƏT
Müasir cəmiyyətdə dini dəyərlərin düzgün təbliğində maarifçilik əsas silahdır
Bakı, 26 aprel, AZƏRTAC
Aprelin 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi münasibətilə təşkil olunan tədbirdə universitetin müəllim və tələbələri iştirak ediblər.
Konfransda çıxış edən Azərbaycan Pedaqoji Universitetinin Şəki filialının direktor müavini Nurəli Çələbiyev bildirib ki, ölkəmizdə 2017-ci ilin Prezidentimizin Sərəncamı ilə “İslam Həmrəyliyi İli” elan edilməsinin təkcə Azərbaycan və İslam dünyası üçün deyil, bütövlükdə bəşəriyyət üçün böyük önəmi var. Azərbaycan öz təqdimatında İslamın əsl mahiyyətini bütün dünyaya çatdırmağa çalışır, eyni zamanda, ölkəmizin İslam dünyası ilə münasibətlərinin strateji əhəmiyyətini, İslam dünyasının vəhdətinə verdiyi önəmi göstərir.
Konfransda DQİDK-nın sədr müavini Gündüz İsmayılov “Dini radikalizmlə mübarizə və gənclərin maarifləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Sədr müavini ənənəvi dini dəyərlərimizin mahiyyətindən bəhs edib, bu dəyərlərin qorunmasının vacibliyinə toxunub. O qeyd edib ki, qeyri-ənənəvi dini təriqətlərin yayılması cəhdlərinin qarşısının alınması gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliğinin düzgün aparılmasından asılıdır. G.İsmayılov vurğulayıb ki, müasir cəmiyyətdə dini dəyərlərin düzgün təbliğində, dini radikalizmə qarşı mübarizədə maarifçilik əsas silahdır. Sədr müavini bu istiqamətdə ardıcıl işlərin həyata keçirildiyini bildirib, milli-mənəvi dəyərlərə varislik və müasirlik prizmasından yanaşılmasının zəruri olduğunu gənclərin diqqətinə çatdırıb.
Konfrans müzakirələrlə davam etdirilib.