SİYASƏT


Müasir media milli-mənəvi dəyərlərin təbliğində mühüm rol oynayır VİDEO

Bakı, 20 iyul, AZƏRTAC

İyulun 20-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Müasir mediada ailə, qadın və uşaq məsələləri” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Mətbuat Günü münasibətilə keçirilən konfransda çıxış edən komitənin sədri Hicran Hüseynova Azərbaycanın inkişaf tarixində mətbuatın özünəməxsus yeri olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, ötən 25 il ərzində bütün sahələrdə olduğu kimi, media sahəsində də mühüm irəliləyişlər baş verib. Bu, ilk növbədə, dövlətimizin başçısının müstəqil mətbuatın formalaşmasına və inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində mümkün olub. Ailə və milli-mənəvi dəyərlərin təbliği, qadınların fəallığının artırılması, uşaq hüquqlarının müdafiəsi, habelə məişət zorakılığının, erkən nikahların qarşısının alınması və digər istiqamətlərdə görülən işlər mətbuat orqanlarında geniş şəkildə işıqlandırılır.

Konfransda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib ki, milli mətbuatımız yarandığı gündən cəmiyyəti düşündürən, onun mənafeyinə uyğun maarifləndirmə işləri aparır. Mətbuatın mədəniyyət və təhsilin inkişafındakı rolunu yüksək qiymətləndirən Ərəstun Mehdiyev deyib: “Mətbuat xüsusən cəmiyyət üçün ağrılı problemlərin aradan qaldırılmasında əlindən gələni əsirgəməyib. Azərbaycan mətbuatı hər zaman xalqla bağlı olub, onun tərəqqisi naminə var gücü ilə çalışıb. Müstəqillik illərində mətbuat Azərbaycan dövlətçiliyinin inkişafında, qarşıya çıxan problemlərin həllində mühüm rol oynayıb. Ölkəmizdə jurnalistlərin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də ardıcıl addımlar atılır. 2013-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə KİV işçiləri üçün tikilmiş ilk yaşayış binası istifadəyə verilib. Sevindirici haldır ki, bu gün növbəti binanın açılış mərasimi keçirilib və üçüncü binanın təməli qoyulub. Bu, Azərbaycan Prezidentinin mətbuata diqqət və qayğısının daha bir bariz nümunəsidir".

Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna nəzər salan Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva qeyd edib ki, jurnalistlərimiz milli və dini dəyərlərə bütün dövrlərdə hörmətlə yanaşıblar. Təsadüfü deyil ki, dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə KİV-lərin sayı sürətlə artıb. “Biz bu gün həyatımızı informasiyasız təsəvvür etmirik. Odur ki, bu bayram təkcə jurnalistlərin yox, bütün xalqın bayramıdır. Azərbaycan mətbuatı şanlı tarixə malikdir və biz bununla fəxr edirik. Bu gün mətbuatımız inkişaf yolundadır. Bu inkişafın daha da sürətlənməsi üçün Azərbaycan dövləti hər bir dəstəyi göstərir. Ölkəmizdə mətbuat və söz azadlığı təmin edilib. Biz hamımız bu azadlıqdan məsuliyyətlə istifadə etməli, cəmiyyətin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına və zənginləşməsinə öz töhfəmizi verməliyik”, - deyə Sona Vəliyeva vurğulayıb.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli ölkəmizdə KİV üçün yaradılan imkanlardan danışıb, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, hüquqlarının qorunması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.

Konfransda “ASAN Radio”nun dəstəyi ilə ailə, qadın və uşaq məsələlərinin mediada işıqlandırılması ilə bağlı keçirilmiş sorğunun nəticələri açıqlanıb.

Sonda mediada ailə, qadın və uşaq məsələlərinin peşəkar işıqlandırılmasına görə jurnalistlərə diplom və mükafatlar təqdim edilib. Mükafat alanlar sırasında AZƏRTAC-ın əməkdaşı da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.