ELM VƏ TƏHSİL
Müasir müstəqil Azərbaycan dövləti Ümummilli Liderin şah əsəridir
Bakı, 10 may, Xatirə Cəfərova, AZƏRTAC
Mayın 10-da Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Samir Həmidovun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş interaktiv konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, S.Həmidov ulu öndər Heydər Əliyev tərəfindən yaradılan müasir müstəqil Azərbaycan dövlətinin bizim ən böyük dəyərimiz olduğunu bildirib. O, konfransda ümummilli liderin şah əsəri olan Azərbaycan dövlətinin qurulması prosesinin dünyada gedən proseslərlə müqayisəli təhlil ediləcəyini deyib.
Sonra “Azərbaycanda və dünyada 10 illik intervalla hadisələrin inkişaf dinamikası” mövzusunda sənədli film nümayiş olunub.
Daha sonra konfransda “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanması, daimi, əbədi olması bundan da çətindir…”, “Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir və daimidir!”, “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcək!” və “Azadlıq və istiqlaliyyət hər bir insanın taleyinə çevrilməlidir!” mövzularında tezislərdə mühazirələr oxunub.
Sonda çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev bu mövzuda tədbirlərə həmişə ehtiyac olduğunu qeyd edib. O deyib: “Tarixdə tək-tək şəxsiyyətlər var ki, dünya dövlətləri tərəfindən tanınır. Heydər Əliyev məhz o şəxsiyyətlərdəndir ki, müstəsnasız olaraq dünya dövlətlərinin liderləri onu qəbul edib”. Ulu Öndərin dünyagörüşü, intellekti, təcrübəsi, uzaqgörənliyi ilə hər zaman seçildiyini qeyd edən Ə.Abdullayev konfransın tələbələrin ümummilli lider haqqında biliklərini daha da artıracağına əminliyini bildirib.
Sonda suallar cavablandırılıb.