SİYASƏT


Müasir müstəqil Azərbaycan hər bir vətəndaşın qürur mənbəyidir 

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 17-də Yasamal Rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Heydər Əliyev Mərkəzinin foyesində rəsm və kitab sərgisinə baxış keçirilib, Ulu Öndərin büstü önünə gül qoyulub.

Azərbaycanın dövlət himni səsləndikdən sonra çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Sərəncamın əhəmiyyətini vurğulayıb. İcra başçısı ötən 25 ildə Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində dövlətçilik ənənələrimizin möhkəmləndiyini, iqtisadiyyatımızın inkişaf etdiyini, mədəniyyətimizin zənginləşdiyini diqqətə çatdırıb. Qeyd edib ki, müasir müstəqil Azərbaycan bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib.

İ.Mehdiyev bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycan dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşib. Xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində Azərbaycan məhvolma təhlükəsindən, vətəndaş müharibəsindən xilas edildi, həmçinin ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu və bütün sahələrdə uğurlu islahatların başlanmasına zəmin yaradıldı.

Konfransda çıxış edən AMEA-nın Əliyevşünaslıq şöbəsinin müdiri Ədalət Qasımov 25 il əvvəl Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsini xalqımızın tarixində böyük hadisə kimi qiymətləndirib. O, müstəqilliyin qazanılmasında və qorunub saxlanılmasında, möhkəmlənməsində, ölkəmizin müstəqil dövlət kimi dünyaya tanıdılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.