ELM VƏ TƏHSİL
Müasir müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (BPKİYİ) 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Müstəqilliyimiz, uğurlarımız” mövzusunda tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə BPKİYİ-nin rektoru, professor Asəf Zamanov dövlətçilik tariximizdən, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyətindən danışıb. Qeyd olunub ki, 1918-ci il 28 may tarixində yaradılan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, həmin dövrdə xalqımızın milli şüurunun və milli elitanın formalaşmasında, dövlətçilik atributlarının yaranmasında böyük işlər görülüb.
1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpa olunduğunu xatırladan rektor dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsinin əlamətdar tarixi hadisə olduğunu vurğulayıb.
Professor A.Zamanov müasir müstəqil dövlətimizin qurulmasında, möhkəmlənməsində dahi siyasi xadim, ümummilli lider Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən bəhs edib. Dahi rəhbərin siyasətinin uğurlu nəticələrindən danışan rektor Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini vurğulayıb.
Professor A.Zamanov bu gün Azərbaycanın çox sürətlə inkişaf etdiyini diqqətə çatdırıb.
Ölkəmizdə digər sahələrdə olduğu kimi, təhsildə nailiyyətlər qazanıldığını qeyd edən rektor Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətindən söz açıb.
BPKİYİ-nin tədris işləri üzrə prorektoru Məhəmməd Bayramov, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri Aydın Paşayev və digər çıxış edənlər də əlamətdar gün münasibətilə kollektivi təbrik ediblər.