MƏDƏNİYYƏT
Müasirləşən, modernləşən bölgələr AzərTAc-ın videotəqdimatında
Gəzdim Azərbaycanı: Ordubad VİDEO
Bakı, 14 dekabr (AZƏRTAC). Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) “Gəzdim Azərbaycanı” layihəsi çərçivəsində növbəti videoreportaj Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərinə həsr edilmişdir.
Reportajda “Azərbaycanın incisi” adlandırılan Ordubadın Naxçıvanın mühüm şəhərlərindən biri olduğu vurğulanır. Bildirilir ki, muxtar respublikanın ən yüksək zirvəsi olan Qapıcıq dağı da məhz bu rayonunun ərazisində yerləşir.
Süjetdə Ordubadın tarixinin eramızdan əvvəllərə gedib çıxdığı, bu şəhərin 1977-ci ildə qoruq elan edildiyi qeyd olunur. Buradakı eramızdan əvvəl II-I əsrlərə aid insan məskənlərinin qalıqları, məscidlər, pir və digər tikililər bu diyarın qədim tarixindən xəbər verir.
Videoreportajda Gəmiqaya qədim insan məskənindən, Ordubadın şəhər memarlığına xas xüsusiyyətlərindən, məşhur “Qeysəriyyə” tarixi-memarlıq abidəsindən bəhs edilir. Həmçinin videoda Ordubad şəbəkəsinin Naxçıvan memarlığında xüsusi yer tutduğu, onun Şəki şəbəkəçiliyindən fərqli xüsusiyyətləri qeyd olunur.
Müəlliflər Ordubadda müasir səhiyyə, mədəniyyət və təhsil ocaqlarından, şəhərin yenilənən infrastrukturundan danışır, burada ən ucqar kəndlərdə belə müasir məktəblərin tikildiyini qeyd edirlər.