ELM VƏ TƏHSİL
“Müasirlik və ənənə” mövzusunda konfrans-sərgi mayın 12-dək davam edəcək
Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Muzey-Sərgi Kompleksində mayın 3-dən 12-dək ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Müasirlik və ənənə” mövzusunda konfrans-sərgi təşkil ediləcək.
ADRA-dan AZƏRTAC-a bildiriblər ki, konfrans-sərginin proqramına elmi konfrans, interaktiv sərginin açılışı və Azərbaycan xalçaçılığı tarixinə həsr olunan video yayımı daxildir.
Tədbirdə ADRA-nın rektoru, akademik Ömər Eldarov, professor Kübra Əliyeva, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, dosent Münəvvər Hacıyeva və başqaları çıxış edəcəklər.
Sərgi bədii toxuculuq və xalça sənəti kafedrasının müəllim və tələbələrinin nailiyyətlərinin nümayişi və hesabatı, onların parlaq yaradıcılıq və əsas tendensiyalarının həlli olacaq. Həmçinin Vernisajın fonunda ADRA-nın müəllim, tələbə və xalça sənəti nəzəriyyəçilərinin bu sahənin mövcud problemləri və sonrakı inkişafına dair perspektiv məsələlər barədə müzakirələri nəzərdə tutulub.
Sərgidə ADRA-nın xalçaçılıq sənətinin müasir əsərlərindən ibarət kolleksiyasından təxminən yüzdən çox eksklüziv xalça məmulatı və eskizlər nümayiş olunacaq.
Konfrans-sərgi mayın 12-dək davam edəcək.