REGİONLAR


Mübariz Qurbanlı: Alban Apostol kilsəsinin müstəqilliyinin bərpasında beynəlxalq təşkilatların dəstəyini hiss edirik VİDEO

A+ A

Qəbələ, 20 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

Alban Apostol kilsəsi 1836-cı ildə tarixi ədalətsizliyə yol verilərək haqsız şəkildə, subyektiv olaraq zorakı yolla erməni Qriqoryan kilsəsinin tabeçiliyinə verilib. Azərbaycanın Alban-Udi Xristian dini icması 180 ildir bu haqsızlığı öz üzərində hiss edir. Çoxlu sayda alban kilsələrini erməni Qriqoryan kilsələri kimi təqdim etməyə cəhd olunub.

AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 20-də Qəbələdə keçirilən “Alban Apostol kilsəsinin keçmişi və bu günü” mövzusunda beynəlxalq konfransda iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə müsahibəsində deyib.

Komitə sədri bildirib ki, bundan əvvəl də Alban-Udi Xristian dini icması üzvlərinin, tanınmış albanşünas mütəxəssislərin iştirakı ilə beynəlxalq konfranslar keçirilib. Heydər Əliyev Fondu tərəfindən Alban-Udi Xristian dini icmasının haqqının ədalətli şəkildə bərpa edilməsi üçün tədbirlər görülüb və bu tədbirlər gələcəkdə də davam etdiriləcək.

Qəbələdə keçirilən beynəlxalq konfransın əhəmiyyətindən danışan M.Qurbanlı deyib: “Biz bu tədbirdə elmi şəkildə bir daha sübut etdik ki, Alban Apostol kilsəsi keçmiş dövrdə müstəqil fəaliyyət göstərib. Bu gün aparılan müzakirələr zamanı yerli və xarici mütəxəssislər də kilsənin müstəqil olmasını tarixi faktlarla sübut etdilər və maraqlı fikirlər səsləndirdilər. Vaxtilə Alban Apostol kilsəsinin tarixi saxtalaşdırılaraq onun erməni Qriqoryan kilsəsinin ixtiyarına verilməsinin yolverilməzliyi vurğulandı. Biz Alban Apostol kilsəsinin avtokefallığını, müstəqilliyini bərpa etməyi qarşımıza məqsəd qoymuşuq. Bununla bağlı beynəlxalq təşkilatların da dəstəyini hiss edirik. Ən əsası odur ki, Azərbaycan hökuməti bu tarixi ədalətsizliyin aradan qaldırılması üçün mühüm işlər görür. Ümid edirik ki, istənilən nəticəni əldə edəcəyik və tarixi həqiqət ədalətli şəkildə bərpa olunacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.