SİYASƏT


Mübariz Qurbanlı: Azərbaycandakı dini konfessiyaların nümayəndələri erməni vandallığını pisləyir

Bakı, 5 iyul, AZƏRTAC 

Ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalar və dini icmalar Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində iki dinc sakinin - yaşlı qadın Sahibə Allahverdiyeva və onun 2 yaşlı qız nəvəsi Zəhra Quliyevanın həlak olmasına, bir mülki şəxsin - Səlminaz Quliyevanın ağır yaralanmasına sərt münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məsələyə münasibət bildirərkən deyib.

M.Qurbanlı bildirib ki, bu məsələ ilə əlaqədar dini icmalardan Dövlət Komitəsinə müraciətlər daxil olmaqda davam edir. Müraciətlərdə vurğulanır ki, dinc əhaliyə qarşı silah işlədilməsi erməni vandalizminin 25 ildən artıqdır həyata keçirdiyi hərbi təcavüz, etnik təmizləmə və terror aktlarının davamı, Ermənistan dövlətinin başında duranların qeyri-insani xüsusiyyətinin göstəricisidir.

“Atəşkəs elan edilməsinə rəğmən mülki əhalinin, demək olar ki, hər gün atəşə tutulması, qətlə yetirilməsi, ölüm təhlükəsi altında yaşamağa məcbur qoyulması beynəlxalq müstəvidə erməni aqressorlarına qarşı münasibəti kökündən dəyişməyin, “pisləmək”, “baş verənlərdən narahatlıq keçirmək” kimi vaxt uzatmağa hesablanmış açıqlamalardan qətiyyətli addımlar atmaq mərhələsinə keçməyin vaxtının çoxdan çatdığını bir daha sübuta yetirir.

Azərbaycanda fəaliyyət göstərən bütün dini konfessiyaların nümayəndələri mülki şəxsləri hədəf seçən bu vandallığı pisləyir və beynəlxalq təşkilatları, o cümlədən BMT-ni, ATƏT-in Minsk qrupunu, dünya liderlərini bu cinayəti törədənlərin tezliklə cəzalandırılması istiqamətində səylərini birləşdirməyə çağırır”,- deyə komitə sədri vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.