ORDU
Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun həlak olması barədə məlumat yalandır VİDEO
Bakı, 10 iyul, AZƏRTAC
“Facebook” sosial şəbəkəsində “Vətən sağ olsun” adlı istifadəçiyə istinadla Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nağıyev Həsən Əli oğlunun 2017-ci il iyulun 2-də Ağdam istiqamətində erməni snayperi tərəfindən vurularaq həlak olması ilə bağlı Ermənistan mətbuatında məlumat yayılıb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildiriblər ki, Nağıyev Həsən Əli oğlu həqiqətən Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. O, 2017-ci ilin yanvarında ordu sıralarından ehtiyata buraxılıb, hazırda sağdır və Şəmkir rayonunda yaşayır.
“Dəqiqləşdirilməmiş yalan məlumatların sosial şəbəkələrdə yayılması düşmənin maraqlarına xidmət edir və ictimaiyyətdə yanlış fikir formalaşdırmaqla Silahlı Qüvvələrimizin nüfuzuna xələl gətirmək məqsədini daşıyır”, - deyə Müdafiə Nazirliyindən bildirilib.