SİYASƏT


Müdafiə Nazirliyi: Ermənistanın beynəlxalq qurumlara böhtan atması sistemli xarakter alıb VİDEO

Bakı, 25 may, AZƏRTAC

Ermənistanın beynəlxalq qurumlara böhtan ataraq onları açıq surətdə şantaj etməsi artıq sistemli xarakter alıb.

Bu fikir Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində keçirilən monitorinq zamanı guya Azərbaycan tərəfinin ATƏT-in missiyasını ön mövqelərə çıxarmaması barədə Ermənistan mətbuatında növbəti dəfə yayılan xəbərlərlə bağlı Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 25-də Tərtər rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinqin insidentsiz başa çatması beynəlxalq missiya tərəfindən rəsmi surətdə təsdiqlənib.

Ermənistan tərəfi də monitorinqin qrafikə uyğun keçirilməsi və atəşkəs rejiminin pozulmaması barədə xəbər yayıb. Lakin həmin xəbərdə Azərbaycan tərəfinin guya ATƏT-in missiyasını təmas xəttinə çıxarmadığı da bildirilib.

“Bildiririk ki, martın 1-də Ağdam rayonunun Çəmənli kəndi istiqamətində keçirilmiş monitorinqdən sonra da Ermənistan tərəfi bu cür təxribat xarakterli məlumat yayıb. Bir daha bildiririk ki, monitorinqin keçirilməsi mexanizminə uyğun olaraq, beynəlxalq müşahidəçilər əvvəl rabitə, sonra isə vizual əlaqə yaradaraq nə vaxt, hansı nöqtədə olmalarını, eləcə də digər detalları özləri müəyyən edir, monitorinqin baş tutması və sona çatmasını orada iştirak edən səhra köməkçiləri təsdiq edirlər. Əgər münaqişə tərəflərindən biri monitorinqin keçirilməsinə istənilən formada problem yaradarsa, bu barədə ilk məlumat verən həmin müşahidəçilər olacaq.

Ermənistan mütəmadi olaraq bu kimi böhtan xarakterli, yalan məlumatlar yaymaqla beynəlxalq qurumları sistemli şəkildə şantaj etmək, onların fəaliyyətinə kölgə salmaq və etimadına xələl gətirmək məqsədini güdür”, - deyə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.