ORDU
Müdafiə Nazirliyində Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüş keçirilib VİDEO
Bakı, 2 may, AZƏRTAC
Mayın 2-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov 9 May - faşizm üzərində Qələbənin 70-ci ildönümü ərəfəsində 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir görüş iştirakçılarına Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfə verdiklərini, yüz minlərlə həmvətənimizin qələbə naminə canlarından keçdiklərini, Milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazdıqlarını, o cümlədən veteranların döyüşlərdə, ön və arxa cəbhədə qəhrəmanlıq, böyük fədakarlıq göstərdiklərini diqqətə çatdırıb.
General-polkovnik Z.Həsənov veteranlarımızın bu gün də Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etməsini, gənclərin orduya hazırlanmasında və Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun yüksəlməsində səylərini əsirgəməməsini yüksək dəyərləndirib. O bildirib ki, ümummilli lider Heydər Əliyevin bu bayrama xüsusi önəm verməsi, həmin ənənənin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən davam etdirilməsi xalqımızın tarixi qəhrəmanlığına verilən qiymətin göstəricisidir.
Nazir deyib: “Bu il yubiley tədbirlərində, Moskva şəhərində keçiriləcək hərbi paradda Silahlı Qüvvələrimizin hərbi qulluqçularından ibarət bölmə də iştirak edərək bayrağımızı uca tutacaq. Eyni zamanda, biz bununla bütün dünyaya göstərəcəyik ki, ağır müharibə illərində siz veteranların əldə etdiyi qələbə Azərbaycan üçün nə qədər əziz və vacibdir. Təəssüflər olsun ki, bu bayram ərəfəsində bizim üzüntümüz də var. Qədim və əzəli Azərbaycan torpaqları hələ də işğal altındadır. Ancaq siz veteranlar və bütün xalqımız əmin olmalıdır ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuz ən müasir silah-sursat, döyüş texnikası ilə təchiz olunub. Silahlı Qüvvələrin şəxsi heyəti gecə və gündüz döyüş hazırlığını yüksəltmək məqsədilə hərbi poliqonlarda təlimlər keçirməklə öz peşəkarlıq səviyyəsini artırır.
Cəbhədəki son vəziyyət bir daha onu göstərir ki, Silahlı Qüvvələrimiz düşməni nəzarətdə saxlamaqla, ona sarsıdıcı zərbələr endirməklə təşəbbüsə tam yiyələnib. Düşmən ordusundakı acınacaqlı durum bizə məlumdur. Xəstəliklərin sayının artması, fərarilik hallarının çoxalması, nizam-intizamsızlıq, özbaşınalıq - budur onların ordusundakı real vəziyyət. Erməni tərəfi məcbur olub səngərlərə mülki əhalini, dinc sakinləri, müxtəlif ölkələrdən muzdluları cəlb edir.
Erməni tərəfi hətta son zamanlar faşist ideologiyasına pərəstiş edən, qəddarlıqda heç də onlardan geri qalmayan daşnakları təbliğ etməklə Ermənistan dövlətinin hansı siyasi kursa üstünlük verməsini açıq-aydın nümayiş etdirir. Ancaq bu üsulların heç biri onlara kömək olmayacaq.
Silahlı Qüvvələrimiz işğal altında olan torpaqların azad edilməsinə hazırdır. Bu məsələdə sizin də rolunuz böyükdür və önəmlidir. Yaxşı bilirsiniz ki, hər döyüş texnikasının idarə edilməsində, onun dəqiq və sərrast istifadəsində, qələbənin təmin olunmasında insan amilinin əhəmiyyəti danılmazdır. Məhz bu səbəbdən indiki gənclərin ruh yüksəkliyinin artırılmasında, qələbə əzminin aşılanmasında, düşməni məhv etməyə, ehtiyac olarsa canından belə keçməyə hazır olmalarında siz veteranların təcrübəsi, biliyi və bacarığı bizə bir örnəkdir”.
Görüşdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev və digər qonaqlar ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətə, Prezidentə, Ali Baş Komandana həmişə sadiq olan bütün müharibə veteranlarının müasir mərhələdə respublikamızın ictimai-siyasi həyatında xidmətlərindən bəhs ediblər. Onlar tarixi Qələbənin 70-ci ildönümü ilə əlaqədar Azərbaycanda keçiriləcək tədbirlər barədə söhbət açıblar.
Görüşdə veteranlar adından müdafiə nazirinə “Veteranların qayğıkeşi” diplomu və “Veteran həmrəyliyi” medalı təqdim olunub.
Sonda Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupuna pul mükafatının verilməsi haqqında müdafiə nazirinin əmri elan edilib.