ORDU
Müdafiə Nazirliyinin hərbi hissələrində andiçmə mərasimi keçirilib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrinin ərazilərində təşkil edilmiş mərasimlərdə döyüş bayrağı sıra meydanına gətirilərək dövlət himni ifa edilib.
Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.
Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar və əsgərlərin valideynləri iştirak ediblər.
Mərasimdə çıxış edən hərbi qulluqçular, valideynlər, veteranlar və ictimaiyyətin nümayəndələri gənc əsgərlərə nümunəvi olmağı, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.
Rəsmi mərasimlər başa çatdıqdan sonra şəxsi heyət üçün konsert proqramları təşkil olunub və valideynlərə hərbi hissələrdə yaradılmış şərait nümayiş etdirilib.