ORDU
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1160 adda məhsul istehsal edilir VİDEO
Bakı, 17 dekabr, AZƏRTAC
Müdafiə Sənayesi Nazirliyi (MSN) yarandığı gündən onun inkişaf strategiyası və proqramı Prezident İlham Əliyevin tövsiyələri və tapşırıqları əsasında tərtib olunub. Bunun nəticəsində ötən müddətdə nazirlik böyük uğurlar əldə edib. Hazırda MSN-in tərkibində 28 hərbi zavod fəaliyyət göstərir. Həmin zavodlarda bu günədək 1160 adda müdafiə təyinatlı məhsullar istehsal edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov dekabrın 17-də jurnalistlərə müsahibəsində deyib.
Yavər Camalov bildirib ki, bu ilin dövlət sifarişi proqramı artıqlaması ilə yerinə yetirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə nazirliyin güc qurumlarına təhvil verdiyi müdafiə sənayesi məhsullarının həcmi 1,6, çeşidlərinin sayı 1,8 dəfə artıb.
“2009-cu ildən başlayaraq, MSN beynəlxalq müdafiə sərgilərində iştirak edir. Bu günədək 32 beynəlxalq sərgidə iştirak etmişik. Bunun nəticəsində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi dünyanın bir sıra ölkələri – ABŞ-a, Afrika qitəsi ölkələrinə, Koreya Respublikasına və digər dövlətlərə müdafiə sənayesi məhsullarının ixracına başlayıb. Bu, onu göstərir ki, Azərbaycanda istehsal olunan müdafiə sənayesi məhsulları beynəlxalq standartlara cavab verir”, - deyə nazir qeyd edib.
Bildirilib ki, silah istehsalı ilə əlaqədar bir sıra layihələrin reallaşdırılması istiqamətində dünyanın aparıcı ölkələrinin şirkətləri ilə danışıqlar aparılıb və ilkin razılıqlar əldə olunub. Gələcəkdə uzaqmənzilli “Hava-hava”, “Hava-yer” tipli raketlərin istehsalı planlaşdırılır. Bundan əlavə, nazirlik elektromaqnit impulslu silahların istehsalına başlayıb. Bu silahların tətbiqi nəticəsində iki kilometr radiusda düşmənin bütün hərbi texnikası və radioelektron qurğuları sıradan çıxacaq.
“Bu il üçün müdafiə təyinatlı məhsulların satışı ilə bağlı ümumi dəyəri 110 milyon dollar olan müqavilələr imzalanıb. Bu müqavilələrdən bəziləri icra olunmaqdadır. Müəyyən məsələlər həllini tapdıqdan sonra bağladığımız müqavilələr tam icra olunacaq”, – deyə Y.Camalov vurğulayıb.