ORDU
Müdafiə naziri Hərbi Dəniz Qüvvələrinin döyüşə hazırlıq səviyyəsini yoxlayıb
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin əsaslı təmirdən sonra daha güclü mühərrik və qurğularla təmin edilmiş gəmilərində olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi gəmilərin daimi yerləşmə məntəqəsinə gələn Zakir Həsənovu Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Şahin Məmmədov qarşılayıb və gəmilərin hazırlığı barədə məruzə edib.
Hərbi gəmilərin taktiki-texniki xüsusiyyətləri, silahlanması, düşmənə qarşı mübarizə vasitələri, komanda məntəqələri, o cümlədən təhlükəsizlik, qəza-xilasetmə, maddi-texniki təminat bölmələri barədə nazirə məlumat verilib.
Bildirilib ki, gəmi heyətinin yerləşməsi, qidalanmasının təşkili, xidmətin aparılması, həmçinin həyati vacib digər qurğular yenidən təşkil edilməklə şəxsi heyətin müasir standartlara cavab verən şəraitdə xidmət keçməsi təmin olunub.
Sonra gəmilərin daimi yerləşmə məntəqəsindən dənizə çıxışı həyata keçirilib. Tapşırığa əsasən şərti terrorçuların ələ keçirdiyi gəminin şəxsi heyətinin xüsusi təyinatlılar tərəfindən azad edilməsi elementi icra olunub.
Gəmilərin ümumi vəziyyətini və şəxsi heyətin bacarıqlarını müsbət qiymətləndirən müdafiə naziri bildirib ki, bütün bu nailiyyətlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində əldə edilib.
Nazir Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığının daha da artırılması və gəmi heyətinin sosial şəraitinin yaxşılaşdırılması barədə müvafiq göstəriş və tapşırıqlarını verib.