ORDU
Müdafiə naziri təlimlərə ehtiyatdan çağırılan hərbi vəzifəlilərlə görüşüb
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir ehtiyatdan çağırılan şəxsi heyətə təlim toplanışında mütəşəkkil qaydada iştirak etdiklərinə, bir an belə tərəddüd etmədən Vətənin müdafiəsi üçün şərəf və vicdanla yenidən xidmətə hazır olduqlarına görə təşəkkür edib.
Zakir Həsənov bildirib ki, onlar bu təlimlərdə iştirak etməklə döyüş qabiliyyətlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirmək, silahlanmada olan yeni, müasir və modernləşdirilmiş silah və hərbi texnikanın nümunələri ilə yaxından tanış olmaq, onun düzgün istifadəsi və istismarı qaydalarını bilmək imkanı əldə ediblər.
Müdafiə naziri təlimlərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tələb və tapşırıqlarına əsasən yüksək səviyyədə keçirildiyini bir daha diqqətə çatdırıb.
Sonra Zakir Həsənov şəxsi heyətin vəziyyəti, yeməkxana, yataq, tibb xidmətinin təşkili, mobil hamam-camaşırxana və digər məişət şəraiti ilə tanış olub. Nazir, eyni zamanda, onların təlimlərdə iştirakı, silah və hərbi texnikadan istifadə etmə bacarıqları ilə maraqlanaraq döyüş atışlarının yerinə yetirilməsi, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması məsələlərinə diqqətin daha da artırılmasının vacibliyini xüsusi vurğulayıb.
Təlimlər sentyabrın 20-dək davam edəcək.