MƏDƏNİYYƏT


Müdafiəçilərimizin bədii tərənnümü

26 iyun –Azərbaycan Respublikası Silahlı Qüvvələri günüdür

Bakı, 24 iyun, AZƏRTAC

Qan yaddaşımızda əbədiləşən insan adlarının arasında doğma yurdun və xalqın təəssübünü çəkən oğul-qızlarımızın üstünlük təşkil etməsi birmənalıdır. “Kitabi-Dədə Qorqud”un obrazlarından başlanan və ərazilərimizin bütövlüyünün bərpa olunması yolunda şəhidlik zirvəsinə yüksələn müasirlərimizə kimi davam edən bu siyahıda igidliyi hər birimizə başucalığı gətirən yüzlərlə qəhrəmanın adı mövcuddur. Onların çoxunun son nəfəslərində dilə gətirdikləri, söylədikləri vəsiyyətlərin çoxu bu gün aforizmə dönərək, dillər əzbərinə çevrilmişdir. Qazan xan, Beyrək, Tomiris, Babək, Koroğlu və Nigar, Qaçaq Nəbi və Həcər, Cavad xan, Həzi Aslanov və Mehdi Hüseynzadənin qəhrəmanlıq ənənəsi müstəqillik illərində Ramil Səfərov və Mübariz İbrahimov kimi oğullarmızın simasında öz davamını tapmışdır. Onların yadelli işğalçılara qarşı apardıqları döyüşlər zaman-zaman müxtəlif tutumlu ədəbiyyat və incəsənət əsərlərində tərənnüm olunmuş və bədiiləşmiş bu qəhrəmanlıqlar gələcək nəsillər üçün qürurdoğurucu mənəvi qaynağa çevrilmişdir. Bu mənada müxtəlif epos, dastan və nağılların, nəğmələrin, təsviri və tətbiqi sənət nümunələrinin adını çəkmək olar.

Əgər şifahi və bəzi yazılı ədəbiyyat nümunələrini nəzərə almasaq, qəhrəmanlıq keçmişimizlə bağlı vurğuladığımız ədəbiyyat və incəsənət əsərlərinin əksəriyyəti XX-XXI əsrlərdə yaradılmışdır. Düzdür, miniatür üslublu qədim təsviri və tətbiqi sənət nümunələrində müxtəlif müharibə təsvirlərinə və döyüşçü obrazlarına rast gəlinir, amma onların əksəriyyətində bu mövzu ümumiləşdirilmiş şəkildə bədii şərhini tapmışdır. XVIII əsrdə Şəki və Şuşadakı divar rəsmlərində, eləcə də XIX əsrdə M.Q.İrəvaninin yaratdığı obrazlarda (“Rüstəm-Zal” və “Sərkərdə”) isə artıq reallığa yaxınlaşma meyilləri duyulmaqda idi.

Azərbaycanın sovetləşməsindən sonra isə ölkədə xüsusi rəssamlıq təhsili almış gənc yaradıcı qüvvələr vaxtaşırı öz şərəfli keçmişinə müraciət etməyə başladılar. Böyük Vətən müharibəsi illərində isə arxa cəbhədəki insanlarda düşmən üzərində qələbəyə inam yaratmaq məqsədilə rəssamların öz qəhrəmanlıq keçmişlərini bədiiləşdirmələri bunun əyani görüntüsüdür. S.Salamzadə, Ə.Kazımov, T.Tağıyev, S.Bəhlulzadə, M.Abdullayev, S.Şərifzadə, B.Mirzəzadə, K,Xanlarov, K.Kazımzadə və b. rəssamların rəngkarlıq, F.Əbdürrəhmanov və C.Qaryağdı kimi tişə ustalarının heykəltəraşlıq əsərlərində xalq qəhrəmanları Babək, Koroğlu, Cavanşir və başqalarının igidliklərini əks etdirən müxtəlif janrlı əsərlərə rast gəlmək mümkün idi.

Həm Böyük Vətən müharibəsi illərində, həm də ondan sonrakı sovet dönəmində almanlarla döyüşdə qəhrəmanlıqları ilə böyük şöhrət qazanmış Həzi Aslanov, Mehdi Hüseynzadə, Məzahir Abbasov, Hüseynbala Əliyev, İsrafil Məmmədov və b. qəhrəmanların obrazları fırça və tişə ustalarımızın yaratdıqları neçə-neçə tablo və heykəlin başlıca məna-məzmun daşıyıcısına çevrildilər. Bu gün muzeyləri, paytaxtın və bölgələrin görməli yerlərini bəzəyən qəhrəman oğul-qızlarımızın obrazları hər birimiz tərəfindən qürur qaynağı kimi qəbul olunmaqdadır, desək, yanılmarıq.

Ölkəmizin 1991-ci ildə müstəqillik qazanması, həm də xalqımızın torpaqlarımızın bütövlüyünün bərpası uğrunda apardığı mübarizə ilə qoşalaşdı. Xalqımızın işğalçılara qarşı mübarizənin önündə gedən onun gənc müdafiəçiləri Qarabağ cəbhəsində düşmənə qarşı nümayiş etdirdikləri qəhrəmanlıqlarla xalqının əzizinə, dilinin əzbərinə çevrildilər. Bakıda və bölgələrdə salınan Şəhidlər xiyabanının hər birimiz üçün müqəddəs ziyarətgaha çevrilməsinin kökündə heç şübhəsiz məzarlarda uyuyan oğul-qızlarımızın şirin canlarından keçmələrinin bilavasitə Vətən sevgisi ilə bağlı olması durur. Odur ki, müstəqillik illərində baş tutan müxtəlif miqyaslı sərgilərin ekspozisiyasında çoxlu sayda igid şəhidlərin qəhrəmanlıqlarını vəsf edən əsərlərə rast gəlmək mümkündür. Xanlar Əhmədov, Arif Qazıyev, Vaqif Ucatay, Əlisəfa Əsgərov, Zakir Əhmədov, Sahib Quliyev, Natiq Əliyev, Fəxrəddin Məmmədvəliyev, Məzahir Avşar, Asif Azərelli, Nəcməddin Hüseynov, Nazim Məmmədov, Günay Mehdizadə, Nadir Bayrışov, Vüqar İmanquliyev və b. rəngkarlıq və heykəltəraşlıq əsərləri belə sənət nümunələrindəndir.

Əlaqədar qurumlar da bir neçə dəfə xalqımızın uzaq-yaxın dövrlərdəki qəhrəmanlıqlarını vəsf edən əsərlərin yaradılması üçün müsabiqə elan etməklə, tariximizin bu sahəsinin yaddaqalan bədii salnaməsini yaratmağa nail olmuşlar. Respublikamızın əksər şəhər və kəndlərində, müəssisə və məktəblərdə şəhid abidələrinin mövcudluğu da xalqımızın Vətənin müdafiəçilərinin xatirəsinə dərin ehtiramının göstəricisidir.

Azərbaycan təsviri və tətbiqi sənətinin çoxəsrlik tarixinə nəzər salsaq, bütün zamanlarda burada ordumuzun və torpaqlarımızın qəhrəman müdafiəçilərinə geniş yer ayrıldığını görə bilərik.

Qənaətimizcə, bu, ilk növbədə, yaradıcılarımızın əcdadlarının və müasirlərinin hər birimizə başucalığı gətirən şərəfli əməlinə hörmətinin əlaməti olmaqla yanaşı, həm də onların qəhrəmanlıq tariximizin gələcək nəsillərə ötürülməsi istəyi ilə bağlıdır...

Ziyadxan Əliyev

Əməkdar incəsənət xadimi,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.