CƏMİYYƏT


Müəllif Hüquqları Agentliyi Almaniyada Nizami Gəncəvi ilə bağlı yol verilmiş yanlışlıqla əlaqədar məlumat yayıb

Bakı, 12 may, AZƏRTAC 

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi (MHA) Almaniyanın Hannover şəhərindəki “Junge Oper Hannover” ‎teatrı tərəfindən Nizami Gəncəvi və onun “Leyli və Məcnun” əsəri ilə bağlı yol verilmiş yanlışlıqlarla əlaqədar məlumat yayıb.

MHA-dan AZƏRTAC-a bildiriblər ki, son günlər kütləvi informasiya vasitələrində Almaniyanın Hannover şəhərindəki “Junge Oper Hannover” ‎teatrı tərəfindən “Leyli və Məcnun” poeması əsasında hazırlanan operanın afişalarında Nizami Gəncəvinin fars şairi kimi təqdim edilməsi barədə müxtəlif yazılar gedir.

Bununla əlaqədar MHA əvvəl verdiyi açıqlamaya əlavə olaraq bildirir ki, Azərbaycan Respublikasının Almaniyadakı səfirliyi məsələ ilə bağlı məlumatlandırılıb. Eyni zamanda, Nizami Gəncəvi haqqında MHA tərəfindən tarixi mənbələr əsasında hazırlanan geniş arayış həmin teatra təqdim olunmaq üçün ölkəmizin Almaniyadakı səfirliyinə göndərilib.

Səfirlikdən agentliyə daxil olan məktubda bildirilir ki, səfirlik Nizami Gəncəvi və onun “Leyli və Məcnun” əsəri ilə bağlı yol verilən yanlışlıqların aradan qaldırılması ilə əlaqədar teatrın rəhbərliyinə məktub göndərib. Eyni zamanda, MHA-nın hazırladığı arayış onların diqqətinə çatdırılıb və qeyd olunan səhvlərin aradan qaldırılması xahiş edilib.

Teatrın səfirliyə cavab məktubunda onlara təqdim olunan məlumatlara görə təşəkkür bildirilib və müvafiq düzəlişlərin edildiyi göstərilib.

Bununla belə, əlavə araşdırma göstərir ki, həqiqətən teatrın internet və “Facebook“ səhifələrində “Leyli və Məcnun” poemasının fars nağılı, Nizami Gəncəvinin isə guya fars şairi olması barədə məlumatlar çıxarılıb. Lakin düzəlişlərdən sonra Nizami Gəncəvi “orta əsrlər şairi” kimi göstərilib, onun Azərbaycan şairi olması qeyd edilməyib. Bununla bağlı səfirliyin narazılığı bir daha teatrın rəhbərliyinə çatdırılıb.

Bu məsələ MHA-nın diqqət mərkəzində saxlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.