REGİONLAR
Müəllim əməyinin qiymətləndirilməsi daim diqqət mərkəzində saxlanılır
Naxçıvan, 5 oktyabr, AZƏRTAC
Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin və Heydər Əliyev adına tam orta məktəbin birgə təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin məktəbin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyublar.
Tədbiri təhsil ocağının direktoru, Azərbaycan Respublikasının Əməkdar Müəllimi Namiq Məmmədov açaraq bu günün tarixi haqqında geniş məlumat verib, həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərini təbrik edib. Qeyd olunub ki, Beynəlxalq Müəllimlər Günü ölkəmizdə 1993-cü ildən qeyd olunmağa başlanıb.
Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Məmməd Qəribov bildirib ki, ümummilli liderimiz Heydər Əliyev elmin, təhsilin inkişafını, geniş dünyagörüşə malik, savadlı və intellektual gənc nəslin yetişdirilməsini dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirib. Bu gün Ümummilli Liderimizin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ixtisaslı müəllim kadrlarının hazırlanması, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.
Muxtar respublikada da müəllim əməyinin qiymətləndirilməsinin daim diqqət mərkəzində saxlanıldığını nəzərə çatdıran təhsil nazirinin müavini vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında” 2015-ci il iyunun 22-də imzaladığı Sərəncam müəllim əməyinə, ümumilikdə, təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
“Mən dünyada müəllimdən şərəfli ad tanımıram” - deyən ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb”. Bu sözləri universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid çıxışında vurğulayıb. O qeyd edib ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.
Surə Seyid Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda həyata keçirilən təhsil strategiyasından danışıb. Natiq Heydər Əliyev adına tam orta məktəb ilə Naxçıvan Dövlət Universiteti arasındakı əməkdaşlıqdan da söhbət açıb.
Heydər Əliyev adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar Müəllimi Gülşən Fətullayeva, Heydər Əliyev adına tam orta məktəbin məzunu, Naxçıvan Dövlət Universitetinin tələbəsi Xeyrənsə Səfərova çıxışlarında bildiriblər ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Bu gün həmin siyasət ölkəmizdə uğurla davam etdirilir.
Sonda dahi rəhbərin adını daşıyan orta məktəbin bir qrup müəllimi pedaqoji fəaliyyətindəki uğurlara görə fəxri fərmanla təltif olunublar.