REGİONLAR
Müəllim və tələbələr istehlakçı hüquqları ilə bağlı maarifləndiriliblər
Bakı, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də Lənkəran Dövlət Universitetində İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə "İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir" mövzusunda tədbir keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təhsil müəssisəsinin 150-dən çox müəllim və tələbəsinin iştirakı ilə keçən seminarda məqsəd istehlakçıların hüquqlarının qorunması sahəsində hüquqi maarifləndirmə olub.
Seminarda "İstehlakçıların hüquqları və onların qorunması sahəsində görülən işlər" mövzusunda çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin əhəmiyyətindən danışıb, Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Bildirilib ki, istehlakçıların maarifləndirilməsində mühüm əhəmiyyət kəsb edən müxtəlif konfrans və seminarlar təşkil edilir, kütləvi informasiya vasitələrində istehlakçı hüquqları ilə bağlı maarifləndirici məlumatlar yayılır, ticarət və ictimai-iaşə obyektlərinin xidmət personalı üçün təlimlər keçirilir, istehlakçı hüquqlarına dair müxtəlif əyani vəsaitlər paylanılır.
Seminar iştirakçılarına istehlakçıların hüquqları sahəsində qanunvericilik, istehlakçıların bilməli olduğu aktual məsələlər barədə məlumat verilib, dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb, iştirakçılara maarifləndirici materiallar paylanıb.