ELM VƏ TƏHSİL
Müəllim və valideynlərin səyyar qəbulunda bir sıra müraciətlər yerindəcə həllini tapıb
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Bakıdakı 12 nömrəli tam orta məktəbdə Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin ənənəvi səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, səyyar qəbulun keçirilməsinin məqsədi vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin edilməsi üçün sistemli iş aparmaqdır.
Qəbula gələn vətəndaşlar təhsil müəssisələrinin təmiri, məktəblərdə şagird sıxlığı ilə əlaqədar əlavə korpusların tikilməsi, istilik sistemi, maddi-texniki təminat, məktəb yaxınlığında şagirdlərin təhlükəsizliyinin təmini məqsədilə işıqforun qoyulması və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb, bir sıra müraciətlər yerindəcə həllini tapıb. Digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.