ELM VƏ TƏHSİL
Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır
Bakı, 5 oktyabr, X.Cəfərova, AZƏRTAC
Oktyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.
Beynəlxalq Müəllimlər Günü münasibətilə iştirakçıları təbrik edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, müəllim peşəsi tarixən cəmiyyətdə ən dəyərli, müqəddəs və şərəfli peşələrdən biri hesab olunur. Məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu gün müstəqil dövlətimizin daha da güclənməsində fəal iştirak edən, cəmiyyətdə layiqli və vicdanlı vətəndaş mövqeyi ilə seçilən insanlar müəllim əməyinin bəhrələridirlər. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdırlar.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğıdan danışan C.Cəfərov qeyd edib ki, Ulu Öndər müəllim adını, müəllim əməyini yüksək qiymətləndirib. Hazırda bu siyasət uğurla davam etdirilir. Elm və təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan edən Prezident İlham Əliyev yeni və müasir məktəb binalarının inşa edilməsinə, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, onların kompyuterləşdirilməsinə xüsusi diqqət yetirir. Əvvəlki illərdə olduğu kimi yeni tədris ilində də respublikamızda məktəblərin infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilib. Eyni zamanda, məktəblərin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminatı sahəsində mühüm işlər görülüb.
Son illər Azərbaycanda müəllim peşəsinin nüfuzunun artırılması üçün böyük işlər görüldüyünü diqqətə çatdıran C.Cəfərov bildirib ki, təhsil sahəsinin inkişafinda xüsusi xidmətləri ilə seçilən müəllimlərin əməyi qiymətləndirilir, onlar dövlət tərəfindən təltif edilirlər. Rektor respublikamızda təhsil sahəsində bir çox layihələrin uğurla həyata keçirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətlərini xüsusi qeyd edib.
ADPU-nun ibtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov ölkəmizdə təhsilə, elmə göstərilən diqqət və qayğıdan danışıb.
Sonda tələbələr müəllim gününə həsr olunan ədəbi-bədii kompozisiya göstəriblər.