REGİONLAR


Müəllimlərin biliklərinin artırılması məqsədilə keçirilən kurslar davam edir

A+ A

Naxçıvan, 23 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə müəllimlərin informasiya texnologiyalarından istifadə bacarığının təkmilləşdirilməsi məqsədilə kurslar təşkil olunur.

AZƏRTAC xəbər verir ki, may ayından keçirilən kurslarda indiyədək Naxçıvan şəhərindən 86, Şərur rayonundan 50, Babək rayonundan 71, Culfa rayonundan 26, Şahbuz rayonundan 26, Kəngərli rayonundan 75 və Sədərək rayonundan 17 olmaqla, ümumilikdə, 351 nəfər iştirak edib.

Kurslarda müəllimlərə elektron lövhənin iş prinsipi öyrədilir, kompyuter bacarıqlarının artırılmasına dair əvvəlcədən hazırlanmış proqram əsasında dərslər keçilir. Müəllimlərə metodik köməklik göstərilməsi məqsədilə elektron dərs vəsaitləri, o cümlədən elektron lövhəyə dair vəsaitlər verilir. Hər kursun sonunda imtahan keçirilir və nəticələri rayon (şəhər) təhsil şöbələrinə göndərilir.

Qeyd edək ki, iyunun 1-dən Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərində fəaliyyət göstərən fənn müəllimləri üçün təlim kurslarının keçirilməsinə start verilib. Bu təlim kurslarının keçirilməsində məqsəd ümumtəhsil məktəbləri üzrə müəllimləri yeni dövlət standartları və proqramlarının (kurikulumlarının) materialları ilə yaxından tanış etmək, pedaqoji kadrları yeni standartların tətbiqi ilə əlaqədar tədris prosesinə hazırlamaqdır.

İndiyədək kurslarda Naxçıvan şəhər, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli, Sədərək rayonları üzrə ümumtəhsil məktəblərindən, ümumilikdə, 540 müəllim iştirak edib.

Kurslar 5 günlük təşkil olunur. Hər kursun sonunda isə imtahan keçirilir. Kurikulum kurslarında əyani və texniki vasitələrdən peşəkarcasına istifadə etməklə ümumtəhsil fənləri üzrə dövlət standartlarına keçidin zəruriliyi, yeni standartların ənənəvi tədris üsulundan başlıca fərqləri, konkret fənnin məqsədi və məzmunu, təlim strategiyaları, təlim fondları və planlaşdırma, fəal dərsin mərhələləri, məktəbdaxili qiymətləndirmə, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi və sair bu kimi aktual məsələlər haqqında ətraflı məlumatlar verilir, müəllimlərin sualları cavablandırılır.

Kurslar sentyabr ayının 15-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.