ELM VƏ TƏHSİL
Müəllimlərin daxili yerdəyişmələri Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək
Bakı, 17 may, AZƏRTAC
Bu il Azərbaycanda müəllimlərin işə qəbulu qaydalarına edilən dəyişikliklərdən biri də müəllimlərin daxili yerdəyişmələrinin Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsidir. Belə ki, əvvəlki illərdə bu səlahiyyət yerli təhsil idarəetmə orqanlarına verilmişdisə, bu il həmin proses nazirlik tərəfindən həyata keçiriləcək. Bu zərurət bəzi yerlərdə vakant müəllim yerlərinin gizlədilməsi və digər məsələlərdən irəli gəlib.
AZƏRTAC xəbər verir ki, bunu mayın 17-də jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri vəzifəsini icra edən Eşqi Bağırov deyib.
2015-ci və 2016-cı illərdə rayonlarda aparılan yoxlamalar nəticəsində daxili yerdəyişmələrdə ciddi nöqsanların üzə çıxdığını bildirən E.Bağırov deyib: “Diaqnostik qiymətləndirmə zamanı müəllimlərin sənədləri araşdırılarkən bəzi faktlar aşkarlanıb. Həmin nöqsanların aradan qaldırılması məqsədilə bu prosesi öz üzərimizə götürmüşük. Bu il ilk dəfə müəllimlərin daxili yerdəyişməsini nazirlik həyata keçirəcək. Nazirlik tərəfindən aşkarlanan faktlardan ən çoxu müəllimlərin sıxlıq müşahidə olunan ərazilərə yerləşdirilməsi, vakansiya olmadığı halda müəllimin kənd məktəbindən şəhər məktəbinə gətirilməsi və s. Gizlədilən vakansiyaya işə götürülən müəllimlərin yerləri nazirlik tərəfindən müəyyənləşdirilib. Onların hamısı müsabiqəyə çıxarılacaq və bu il əvvəlki illərdən daha çox vakant yer elan olunacaq”.