ELM VƏ TƏHSİL
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb VİDEO
Bakı, 6 oktyabr, İbrahim Əsədov, AZƏRTAC
Oktyabrın 6-da Təhsil Nazirliyində kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, brifinqdə nazirliyin informasiya şöbəsi müdirinin müavini, KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov, Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev, insan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov təhsilin inkişafı üzrə reallaşdırılan tədbirlər, onun nəticələri, bu sahədə tətbiq olunan yeniliklər barədə danışıblar.
Bildirilib ki, bu tədris ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul pilot olaraq “ASAN peşə” layihəsi üzrə Bakı və Gəncə şəhərlərində həyata keçirilib. Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasında reallaşdırılan layihə çərçivəsində 4 min 286 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. Onlardan 733-nün əsas fənlər üzrə ümumi müvəffəqiyyət göstəricisi “4”-dən yuxarı olub.
Yeni tədris ilindən ölkənin bütün rayon və şəhərlərinin ümumi təhsil məktəblərində beş yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılıb. 2016-2017-ci tədris ili üçün respublika üzrə məktəbəhazırlıq qruplarına cəlb edilən uşaqların sayı 76 min nəfərdən çoxdur.
İcbari ümumi orta təhsildən yayınma hallarının son illərdə əhəmiyyətli dərəcədə azalması diqqətə çatdırılıb.
Brifinqdə müəllimlərin işə qəbulu üzrə yekun statistika açıqlanıb. Bildirilib ki, mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticəsinə əsasən ümumilikdə 2 min 365 nəfər müəllim işlə təmin olunub. Onlardan 1800-ü kənd məktəblərində həvəsləndirmə yerləri tətbiq olunan vakant yerləri seçib.
Eyni zamanda, transfer.edu.az portalına müraciət edən tələbələr barədə məlumat verilib. Bildirilib ki, cari ildə təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilib. Burada əsas məqsəd tələbə köçürülməsində şəffaflığın və sadələşmiş prosedurun yaradılması olub. Ümumi müraciət edənlərin sayı 241 nəfər idi. Onlardan 83-nə müsbət cavab verilib.
Sonra KİV nümayəndələrinin sualları cavablandırılıb.