ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Bakı, 5 avqust, AZƏRTAC 

Avqustun 5-də ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, iyulun 25-dən avqustun 5-dək keçirilən imtahanlarda 40 minə yaxın namizəd iştirak edib.

Namizədlər 90 dəqiqə ərzində ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırıblar.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.

Müsabiqənin növbəti vakansiya seçimləri mərhələsinə gələn həftə start veriləcək. Bu mərhələdə onlar şəxsi səhifələrinə daxil olaraq topladıqları bala uyğun vakant yerləri seçəcəklər. Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Müəllimlərin işə qəbulu müsabiqəsində tətbiq olunan daha bir yeniliyə əsasən, vakansiya seçimi mərhələsində bu il imtahanda iştirak edənlərlə yanaşı, ötən il keçid balını toplayanlar da iştirak edə bilərlər. Həmin namizədlər cari ildə keçirilən müsabiqənin test imtahanı mərhələsində iştirak etdikləri təqdirdə builki müsabiqənin nəticələri nəzərə alınacaq. Bu, Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.