ELM VƏ TƏHSİL
Müəllimlərin işə qəbulu və yer dəyişməsi ilə bağlı qaydalar açıqlanıb
Bakı, 17 may, M.Dadaşov, AZƏRTAC
Əgər müəllim test imtahanından sonra müvafiq keçid balı toplayıb işlə təmin olunmursa, imtahandakı toplanan bal bir il qüvvədə saxlanılacaq və müsabiqə zamanı nəzərə alınacaq.
AZƏRTAC xəbər verir ki, bunu mayın 17-də jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri vəzifəsini icra edən Eşqi Bağırov deyib.
E.Bağırov qeyd edib ki, həmin namizədlər test imtahanından azad olunaraq vakansiya seçmək mərhələsinə buraxılacaqlar. O deyib “Yeniliklərdən biri də bəzi müəssisələrə müsabiqədənkənar müəllim işə qəbul etmək hüququnun verilməsidir. Bu müəssisələrin siyahısı artıq təsdiqlənib. Sayı 10-dək olan müəssisələrin hamısı Təhsil Nazirliyinin tabeliyindədir. Həmin müəssisələr müəllimi müsabiqədənkənar qəbul etmək imkanına malik olsalar da, namizədin təyinatını nazirliklə razılaşdırmalıdır”.
Təhsil Nazirliyinin rəsmisi vurğulayıb ki, seçilmiş müəssisələr respublikada ən yüksək akademik göstəricilərə malikdir. Bu müəssisələrə işə qəbul olunmaq istəyən müəllimlər üçün mərkəzləşdirilmiş imtahanda iştiraka ehtiyac yoxdur. O deyib: “Sadəcə olaraq həmin namizədlərin siyahısı nazirliyə təqdim ediləcək və onlar müvafiq komissiya tərəfindən araşdırılacaq. Gələcəkdə Təhsil Nazirliyi tabeliyində olmayan, ancaq yüksək akademik göstəricilərə malik digər müəssisələrə də belə səlahiyyətin verilməsi məsələsinə baxa bilər. Məktəblərin akademik göstəricilərinə müxtəlif olimpiadalarda, yarışlarda yüksək nəticə əldə etmək və s. aiddir. Bu müəssisələrə işə qəbul edilmək istəyən müəllimlər üçün işə qəbul üzrə qoyulan tələblər digər məktəblərdən daha yüksək olacaq. Həmin namizədlər, sözsüz ki, ən yüksək bal toplayanlar olmalıdırlar”.
E.Bağırov diqqətə çatdırıb ki, əvvəlki illərdə peşə təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlərin də işə qəbulu birbaşa müsabiqə yolu ilə həyata keçirilib. Müsabiqədə iştirak edərək müvafiq balı toplayanların təyinatı nazirlik tərəfindən verilirdi. Bu il isə bir qədər fərqli olacaq. Peşə müəssisələrinə işə qəbul 2016-cı ildə yaradılan Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən aparılacaq. Həmin müəllimlər isə test imtahanında müvafiq balı toplayan namizədlər arasından seçiləcək.
Ötən il rekord sayda - 27 min müəllimin işə qəbul üzrə imtahanlarda iştirak etdiyini bildirən E.Bağırov deyib: “Onlardan keçid balını (36 baldan yuxarı) toplayanların nəticəsi qüvvədə saxlanılır və bu il imtahan vermədən vakant seçimdə birbaşa iştirak edə biləcəklər. Ötən il 48 baldan yuxarı nəticə göstərənlərin sayı beş mindən yuxarıdır”.