ELM VƏ TƏHSİL


Müəllimlərin yerdəyişməsi başa çatıb

Bakı, 20 iyun, AZƏRTAC

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı iyunun 20-də Təhsil Nazirliyində brifinq keçirilib. Tədbirdə nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov və insan resursları şöbəsi müdirinin müavini Eşqi Bağırov iştirak ediblər.

Bildirilib ki, mayın 6-dan 30-dək müəllimlərin iş yerlərinin eyni rayon (şəhər) daxilində, iyunun 8-dən 12-dək isə onların bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi üzrə elektron sənəd qəbulu aparılıb. Eyni rayon (şəhər) daxilində yerdəyişmə nəticəsində 650-dək, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişmə nəticəsində isə 1000-dək müəllim elektron ərizədə göstərdikləri seçimlər üzrə yerləşdirilib.

Yerdəyişmə prosesi proqram təminatı tətbiq edilməklə və sosial statusun bütün parametrləri nəzərə alınmaqla həyata keçirilib. Proqram təminatında hər bir namizəd öz sosial statusu ilə bağlı qeydlər apararaq iş yerinin dəyişdirilməsini müvafiq sənədlərlə əsaslandırıb və elektron ərizə ilə Təhsil Nazirliyinə müraciət edib. Həmin məlumatlar nazirlikdə fəaliyyət göstərən işçi qrup tərəfindən dəyərləndirilərək müvafiq qərar qəbul olunub. Bu dəyərləndirmədə müəllimlərin sosial statusu əsas götürülsə də, diaqnostik qiymətləndirmədə göstərdikləri nəticə də nəzərə alınıb. Yerdəyişmə müəllimin ailə vəziyyəti və yaxud səhhəti ilə bağlı olduqda əsas üstünlük məhz bu amilə verilib. Lakin bir neçə müəllim eyni vakant yeri göstərdikdə, bu zaman akademik göstəricilər, o cümlədən diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınıb.

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə iyulun 1-dən 14-dək elektron ərizələrin qəbulu həyata keçiriləcək. Müəllimlərin işə qəbulu üzrə müsabiqə dörd mərhələdə - elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə üzrə təşkil edilir.

Qeyd edilib ki, bu il vakant yerlərin toplanması yeni mexanizmə əsasən həyata keçirilir. Yerli təhsil şöbələrinin əməkdaşlarının iştirakı ilə hazırda vakant yerlərin təyin olunması üçün nazirlikdə xüsusi komissiya yaradılıb. Müəllimlərin dərs yükü, sayı və digər amillər nəzərə alınaraq vakant yerlərin sayı müəyyənləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.