ELM VƏ TƏHSİL
Müəllimlik ən şərəfli peşələrdəndir
Bakı, 5 oktyabr, AZƏRTAC
Qaradağ rayonunda Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.
Qaradağ Rayon İcra Hakimiyyətindən (RİH) AZƏRTAC-a bildiriblər ki, tədbirdə rayonun təhsil müəssisələrinin rəhbərləri, qabaqcıl təhsil işçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Təranə İsmayılova zəngin maarifçilik ənənələri olan Qaradağda elmə, təhsilə daim böyük qayğı göstərildiyini, müəllimlik sənətinin tarixən cəmiyyətin ən şərəfli peşələrindən biri olduğunu söyləyib. Ulu öndər Heydər Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışan T.İsmayılova bildirib ki, Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir.
Qeyd olunub ki, Qaradağ rayonunda təhsil sahəsində əldə edilən nailiyyətlər ilbəil artır. Bu il rayonun ümumtəhsil məktəblərini bitirən 33 məzun 600-dən yuxarı bal toplayaraq respublikamızın qabaqcıl ali məktəblərinə daxil olub.
T.İsmayılova Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə təhsilin inkişafı, məktəblərin infrastrukturunun yenilənməsi sahəsində, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əvəzsiz xidmətlərindən danışıb.
Ölkəmizdə müəllim əməyinə daim yüksək qiymət verildiyini deyən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva dövlətimizin gələcəyinin müəllim əməyinin düzgün təşkilindən, gənc nəslin təlim-tərbiyəsi işinə göstərilən qayğıdan daha çox asılı olduğunu vurğulayıb.
Sonda təhsildə fərqlənən bir qrup qabaqcıl müəllimə fəxri fərman və hədiyyələr təqdim olunub.