ELM VƏ TƏHSİL
Müəllimlik şərəfli və məsuliyyətli peşədir
Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Beynəlxalq Müəllimlər Günü ilə bağlı tədbir keçirilib.
ATMU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin rektoru vəzifəsini icra edən Eldar Aslanov bu əlamətdar gün münasibətilə bütün müəllimləri təbrik edib. E.Aslanov təqvim üzrə bu peşə bayramının təhsil sistemində çalışanlara, mənəvi valideynlər sayılan müəllimlərə böyük ehtiram günü olduğunu bildirib. O deyib ki, müəllimlik şərəfli və məsuliyyətli peşədir. Cəmiyyətin necə oxuyub- inkişaf etməsi birbaşa müəllim potensialının intellektual səviyyəsindən asılıdır. Müəllim öyrətməklə yanaşı, özü də öyrənməlidir.
Sonra universitet veb-saytının yeni formatda təqdimatı olub. ATMU-nun informasiya texnologiyaları şöbəsinin müdiri F.Mirəliyev veb-saytın yeni versiyada fəaliyyətə başlamasının informasiyalı cəmiyyətin tələbindən qaynaqlandığını bildirib.