MƏDƏNİYYƏT


Muğam Mərkəzində Amerikanın məşhur Nyu-Orleanz cazı səslənəcək

Bakı, 12 may, AZƏRTAC 

Amerikanın Luiziana Caz Ansamblı Bakıya qastrol səfəri zamanı mayın 24-də Beynəlxalq Muğam Mərkəzində konsertlə çıxış edəcək. Səkkiz nəfərlik caz qrupunun Bakıya səfəri “ADA” Universitetinin dəvəti ilə baş tutacaq.

Musiqisevərlər Luiziana Caz Ansamblının Beynəlxalq Muğam Mərkəzində keçiriləcək konsertə biletləri şəhərimizin kassalarında və iticket.az saytında əldə edə bilərlər.

Ansamblın daha bir ifası mayın 26-da - “ADA” Universitetinin “Məzun günü”ndə olacaq. Luiziana Caz Ansamblının təsisçi üzvü, Con Hopkins Universitetinin professoru, siyasi elmlər üzrə tanınmış alim Frederik Starr “ADA” Universitetinin fəxri doktorudur.

Qeyd edək ki, ansambl XX əsrin əvvəlində məhz Luiziana ştatının Nyu-Orleanz şəhərində yaranan və Amerikanın milli musiqisi hesab edilən caz repertuarını ifa edəcək. Nyu-Orleanz cazı musiqidə ilk qrup improvizasiya ifası olaraq tanınır. Yüz il üstündən keçsə də bu musiqi və onun məşhur truba, klarnet və trombon polifoniyası bu gün də bütün dünyada sevilərək dinlənilir.

1950-ci illərdən bəri Nyu-Orleanz cazını ifa edən ansambl hətta Sovet İttifaqı zamanı Moskvada qastrol səfərində olub. Etno-caz cərəyanlarından birinin vətəni olan Bakıya isə ifaçılar ilk dəfə gəlirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.