MƏDƏNİYYƏT


“Muğam axşamları” adlı layihənin ilk konserti “Rast” muğamının ifası ilə başlayıb

Bakı, 16 may, AZƏRTAC

Mayın 16-da Beynəlxalq Muğam Mərkəzində IV İslam Həmrəyliyi Oyunlarına həsr edilən yeni “Muğam axşamları” adlı layihənin ilk konserti baş tutub.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzinin reallaşdırdığı layihə çərçivəsində ilk olaraq “Rast” muğamı ifa olunub.

Layihənin açılışında çıxış edən Azərbaycan Milli Konservatoriyanın prorektoru Lalə Hüseynova Azərbaycan muğamlarının qədimliyindən söz açıb. Bildirib ki, muğamları dinləmək və onun fəlsəfəsini gələcək nəsillərə çatdırmaq çox vacibdir. Layihənin əsas muğamları əhatə edəcəyini diqqətə çatdıran Lalə Hüseynova "Rast" muğamının xüsusiyyətləri haqqında fikirlərini bölüşüb.

Bildirilib ki, “Rast”ı bütün muğamların anası hesab edirlər. “Rast” muğamı ona görə muğamların anası hesab olunur ki, bütün muğamlar ondan törəmişdir. O, çox qədim tarixə malikdir. “Rast” muğamı bir neçə şöbə və guşələrdən ibarətdir.

Vurğulanıb ki, “Azərbaycan xalq musiqisinin əsasları” kitabında muğamların dəyişikliyə uğradığını söyləyən Üzeyir Hacıbəyli “Rast”ı indiyədək zamanın və hadisələrin sarsıdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam adlandırıb.

Sonra Əməkdar İncəsənət Xadimi Aqil Məlikov, Əməkdar Artist Sevinc Sarıyeva, Naxçıvan MR-in Əməkdar Artisti Ehtiram Hüseynov, Mirələm Mirələmov, Aytən Məhərrəmova və Hüseyn Məlikov “Rast” ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa ediblər.

Ansamblın bədii rəhbəri Xanlar Cəfərovdur.

Qeyd edək ki, iyunun 30-dək layihə çərçivəsində Azərbaycan muğamları – “Şur”, “Segah”, “Cahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Humayun” tanınmış muğam ifaçıları tərəfindən səsləndiriləcək.

Layihənin informasiya dəstəyi AZƏRTAC, “Mədəniyyət” kanalı, Azərbaycan Radiosu və “Baku” jurnalına məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.