MƏDƏNİYYƏT
“Muğam axşamları” layihəsinə “Şüştər” və “Humayun” muğamları ilə yekun vurulub
Bakı, 1 iyul, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzi muğamsevərləri yenə bir araya toplayıb. Bu dəfə “Muğam axşamları” layihəsi çərçivəsində “Şüştər” və “Humayun” muğamları səslənib.
Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, mayın 16-da start verilən “Muğam axşamları” layihəsinə “Şüştər” və “Humayun” muğamları ilə yekun vurulub.
Muğamın şöbə və guşələrini xanəndələr Əməkdar Artist Sevinc Sarıyeva, Əməkdar Müəllim Qəzənfər Abbasov, muğam müsabiqəsinin laureatı Məhəbbət Səfərov səsləndirib. Onları Xalq Çalğı Alətləri Ansamblı müşayiət edib.
Muğamsevərlər tərəfindən gur alqışlarla başa çatan konsert “Muğam axşamları” layihəsinin son tədbiri idi. Beynəlxalq Muğam Mərkəzi yeni mövsümdən muğam dinləyicilərini yeni-yeni layihələr, muğam konsertləri və tədbirlər ilə bir araya toplayacaq.