MƏDƏNİYYƏT
“Muğam axşamları” layihəsinin növbəti təqdimatında “Bayatı-Şiraz” dəstgahı səslənib
Bakı, 29 iyun, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsi çərçivəsində “Bayatı-Şiraz” muğam dəstgahı səslənib.
AZƏRTAC xəbər verir ki, “Bayatı-Şiraz”ın müxtəlif şöbə və guşələri xanəndələr - Murad Kəngərli, Ramiq Bayramov, Nisbət Sədrayevanın ifasında dinlənilib. Onları xalq çalğı alətləri ansamblı (tarda- Kamal Nuriyev, kamançada - Elnur Salahov, bas tarda- Kamran Novruzov, qanunda Aysu Sadıqova, nağarada- Amil Mustafayev, balabanda - Mirağa Murtuzov) müşayiət edib.
Xanəndələrin ifa etdiyi “Baytı-Şiraz” muğamı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Bildirilib ki, “Bayatı-Şiraz” muğamı yeddi əsas muğam dəstgahından biridir. Bu muğam dəstgahı bəstəkar Nəriman Məmmədov tərəfindən tarzən Əhməd Bakıxanovun ifasında nota alınıb.
Qeyd edək ki, “Muğam axşamları” layihəsinə mayın 6-dan “Rast” muğamının ifası ilə start verilib. İyunun 30-da “Muğam axşamları” layihəsi çərçivəsində “Şüştər” və “Humayun” muğamları səslənəcək.
Biletləri şəhərin kassalarından, “ASAN xidmət” mərkəzindən və iticket.az saytından əldə etmək olar.