REGİONLAR
Muğanlı-Yevlax yolunun yenidən qurulması işləri yekunlaşır
Bakı, 5 avqust, AZƏRTAC
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidən qurulması layihəsi çərçivəsində aparılan işlər yekunlaşmaq üzrədir. Yenidənqurma işləri Muğanlı-Yevlax yolunun 0-8,4 və 38-145-ci kilometrlik hissələrində aparılıb.
Tikinti işlərini həyata keçirən “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əsaslı şəkildə yenidən qurulan yol iki hərəkət zolaqlı olmaqla ümumi uzunluğu 115,15 kilometr, yol yatağının eni 12,5 metr, hərəkət hissəsinin eni isə 7,5 metrdir. Yaşayış məntəqələrində yol yatağının eni isə 10,5 metr təşkil edir.
Məlumata əsasən, layihə çərçivəsində yenidən qurulan Muğanlı-Yevlax yolunda yeni asfalt-beton örtüyünün döşənməsi işləri tam icra olunub. Yolun 8 min kvadratmetr hissəsində isə işlər yaxın günlərdə yekunlaşdırılacaq.
Əsaslı şəkildə yenidən qurulan avtomobil yolunda 263 ədəd suötürücü boru qoyulub, 16 min paqonmetr əyrixətli tirdən 15 min metri quraşdırılıb. Qurulmalı olan 41 avtobus dayanacağından 27-i artıq hazırdır, yanaşma yolları üzrə 53 yol birləşməsindən 49-u tam hazır vəziyyətə gətirilib.
Bundan başqa, Muğanlı-Yevlax avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində yol boyu 6 mövcud körpüdən 5-i sökülərək yenidən tikilməli, biri isə əsaslı təmir edilməli idi. Artıq həmin körpülərdən 4-də inşaat işləri tam olaraq yekunlaşdırılıb.