CƏMİYYƏT
Müharibə və Əmək Əlilləri üçün Pansionatın həyətində 110 ağac əkilib
Bakı, 6 may, AZƏRTAC
Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda ağacəkmə aksiyası keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, pansionatının həyətində yaradılmış xalqımızın ümummilli lideri Heydər Əliyev guşəsinin ətrafında 110 ədəd çinar, küknar, limon, şam, palma və digər ağac növləri əkilib.
Ağacəkmə aksiyasından sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov, Müharibə və Əmək Əlilləri üçün Pansionatının direktoru Qətibə Əsədova Azərbaycanın yeni tarixində Heydər Əliyevin gördüyü işlər, onun rəhbərliyi ilə həyata keçirilən tədbirlər, ölkəmizi çıxardığı inkişaf yolları və xalqımızın dünyada tanınması üçün misilsiz xidmətlərindən bəhs ediblər. Çıxışlarda qeyd olunub ki, Ulu Öndər xalqımızın tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi əbədiləşib.
Pansionatın sakinləri çıxış edərək ölkəmizdə ahıllara dövlət qayğısının ildən-ilə artdığını və bu sahədə həyata keçirilən tədbirləri bəyəndiklərini bildiriblər.