CƏMİYYƏT
“Müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkili” layihəsinin yekun tədbiri keçirilib
Bakı, 12 avqust, AZƏRTAC
Müvəkkil Hüquq Mərkəzi tərəfindən həyata keçirilən “Müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkili” layihəsinin yekunları ilə əlaqədar tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Hüquq Mərkəzinin sədri Səməd Vəkilov layihənin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 4 aya həyata keçirildiyini bildirib.
Təşkilat rəhbərinin verdiyi məlumata görə, layihənin məqsədi müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkil edilməsi ilə onların maariflənməsinə xidmət etməkdir. Layihə çərçivəsində 5 qeyri – hökumət təşkilatı ilə əməkdaşlıqda maarifləndirici görüşlər təşkil edilib. Həmin görüşlərdə ümumilikdə 100-ə yaxın müharibə və əmək veteranı, 20 yanvar əlili, sağlamlıq imkanları məhdud şəxslər və digər həssas sosial qrup nümayəndələri iştirak edib.
Tədbirlərdə görüş iştirakçılarını maraqlandıran məsələlərlə bağlı məlumatlar verilib və ehtiyacı olan şəxslər təşkilatın ofisinə dəvət edilərək əlavə hüquqi yardım göstərilib. Bundan başqa layihə çərçivəsində təşkilatın ofisinə müraciət edən 30-a yaxın vətəndaşa hüquqi yardım göstərilib.
Təşkilatın sədr müavini Mobil Vəkiloğlu qeyd edib ki, informasiya əlçatanlığının təmin edilməsi məqsədi ilə müharibə veteranları, əlillər və digər həssas sosial qruplarla əlaqədar müvafiq qanunvericilik aktları haqqında informasiyalar, müvafiq sosial qrupların imtiyazları və hüquqlar ilə bağlı məlumatlar hazırlanaraq təşkilatın saytı- www.muvekkil.az -da “Sizin Hüquqlarınız” bölməsinə daxil edilib.