İQTİSADİYYAT


Müharibə veteranlarının yaşadıqları sahəyə görə əmlak vergisinin məbləği 30 manat azaldılır

Bakı, 5 avqust, AZƏRTAC 

Vergi Məcəlləsinin (VM) 197.1.1-ci maddəsinə əsasən, rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri əmlak vergisinin vergitutma obyektidir.

AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, mülkiyyətində olan yaşayış sahəsinə görə əmlak vergisi onun yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş dərəcələrlə hesablanır və verginin ödənilməsi barədə tədiyyə bildirişi fiziki şəxslərə çatdırılır. Hesablanmış əmlak vergisinin məbləği fiziki şəxslər tərəfindən banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilməlidir.

Həmçinin qeyd olunub ki, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.

Fiziki şəxslərin əmlak vergisi onların xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə bina Bakı şəhərində yerləşdikdə 0,4 manat və həmin dərəcələrə Nazirlər Kabinetinin müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə hesablanır. Bələdiyyələr əmlak vergisinin ödənilməsi barədə tədiyyə bildirişini vergiödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.