QAN YADDAŞI
Mülki Aviasiya Muzeyində 20 Yanvar faciəsinin qurbanları anılıb
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyində anım mərasimi keçirilib.
Mülki Aviasiya Muzeyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Aviasiya Akademiyasının müəllim və tələbə heyəti və Qala qəsəbəsi 216 nömrəli orta məktəb şagirdləri iştirak ediblər. Muzeyin böyük elmi işçisi Rübabə Əbiyeva tədbiri giriş sözü ilə açdıqdan sonra 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Mülki Aviasiya Muzeyinin əməkdaşı İlhamə Bayramova “20 Yanvar - Qan yaddaşımız” adlı mühazirə oxuyub.
Mühazirədə 20 Yanvar hadisələrinin başvermə səbəbləri, faciənin baş verdiyi tarixi şərait və onun bütün dəhşətləri, Azərbaycanın müstəqillik tarixində oynadığı rol, bu tarixi cinayətin beynəlxalq arenaya çatdırılması uğrunda mübarizə aparmalı olan gənclərin üzərinə düşən öhdəlik haqqında danışılıb.
Sonda 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən fotosərgi və videomaterial nümayiş etdirilib.