CƏMİYYƏT
Mülki Aviasiya Muzeyində 28 May - Respublika Günü ilə bağlı tədbir təşkil edilib
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyində 28 May - Respublika Günü ilə bağlı tədbir təşkil edilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Aviasiya Akademiyasının müəllim və tələbə heyəti iştirak edib. Muzeyin böyük elmi işçisi Rübabə Əbiyeva 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə dövlətçilik ənənələrinin bərpası baxımdan əhəmiyyəti, onun 23 aylıq fəaliyyəti dönəmində əldə olunmuş uğurlar və bu dövrdə aviasiya sahəsində aparılan işlər haqqında məlumat verib.
Daha sonra ADR-in xarici siyasətdə əldə etdiyi nailiyyətləri, Paris sülh konfransında Azərbaycanın de-fakto tanınmasının təmin olunması və bu işdə böyük əmək sərf etmiş siyasi elitanın fədakarlığı, onların sonrakı taleyi və müasir dövlətçiliyimiz üçün Azərbaycan Xalq Cümhuriyyətinin bünövrə kimi tarixi dəyərindən bəhs edən “Əbədi ezamiyyət” adlı sənədli film nümayiş etdirilib.