REGİONLAR


Multikultural dəyərlər: Azərbaycanda alman izləri

A+ A

Göygöl, 13 iyul, Rauf Hacıyev, AZƏRTAC

Küçələrində, tikililərində, yaşlı nəslin xatirələrində multikultural dəyərlərin ən gözəl örnəklərini yaşadan, maraqlı keçmişə malik Azərbaycan şəhərlərindən biri də Göygöldür. Qədim yaşayış məskəni kimi bu yerlərin tarixi minilliklərdən xəbər versə də, şəhər kimi Göygölün əsası 1819-cu ildə alman koloniyaçıları tərəfindən qoyulub. Almanları Azərbaycana gətirən səbəb isə çox maraqlıdır.

Almanların Qafqaza gəlişi

I Pyotrun və II Yekaterinanın hökmranlığı dövründə aparılan işğalçı müharibələrlə Rusiya imperiyası ərazilərini xeyli genişləndirmişdi. Zəbt olunan ucsuz-bucaqsız torpaqları əkib becərmək üçün işçi qüvvəsi çatışmırdı. Ona görə də II Yekaterina 1763-cü ildə xarici vətəndaşların Rusiyaya məxsus torpaqlara köçürülmələri barədə manifest verdi. Bu manifestə ilk səs verən xarici vətəndaşlar - almanlar oldu. I Aleksandr 1804-cü ildə Rusiyada əkinçilik mədəniyyətini yüksəltmək, üzümçülüyü, şərabçılığı və heyvandarlığı inkişaf etdirmək üçün almanların Rusiyaya köçürülməsi və onlara hər cür şərait yaradılması barədə qərar imzaladı.

Almanların Rusiya imperiyasının torpaqlarına köçüb gəlmələrini sürətləndirən səbəb isə Napoleonun Avropada apardığı müharibələrin Almaniyanın iqtisadi həyatına vurduğu ağır zərbə ilə bağlı idi. Həmin dövrdə artıq alman kəndlilərinin təsərrüfat həyatı pozulmuş, getdikcə artan vergiləri ödəmək çətinləşmiş və becərilən torpaqların sahəsi isə xeyli azalmışdı. Rusiyanın hakim dairələri bu vəziyyətdən istifadə edərək, almanları Qafqazda yerləşdirməyə üstünlük verirdilər. Çünki çar hökumətinə uzaqməqsədli planlarını həyata keçirmək üçün Qafqazda möhkəmlənmək olduqca vacib idi. Almanların Azərbaycanda məskunlaşdırılması haqqında Qafqazdakı baş komandan general Yermolovun təşəbbüsü ilə qəbul olunan qərarda çar hökuməti “yerli camaata əməksevərlik nümunəsi göstərmək, ən yaxşı əkinçilik və şərabçılıq üsullarını onlara öyrətmək” məqsədini güdürdü.

Beləliklə, ilk dəfə 1817-ci ilin sonlarında 488 şvab ailəsinin (İsveçrə almanları) Rusiya imperiyasının Zaqfaqaziyadakı torpaqlarına ağır və məşəqqətlərlə dolu köçü başlayır, ilk alman koloniyası Cənubi Qafqazda Gürcüstan ərazisində yaradılır. 1818-ci ilin sentyabrında rus çarı I Aleksandrın himayəsi ilə Gürcüstana köçən alman kəndlilər Tiflis yaxınlığında Marienbaum adında şəhərcik salırlar. Bir il sonra Avropadan köçüb gələn almanların Gürcüstanda daha 5 koloniyası yaranır.

Azərbaycanda Helenendorf və Annenfeld koloniyaları yaradılır

Sonrakı mərhələdə N.Şavrovun qeyd etdiyi kimi, öz vətənlərində “lazımsız” hesab edilən 500 vürtemberqli alman ailəsinin köçürülməsinə başlanılır. 1818-ci ilin soyuq dekabrında Vürtemberq krallığından gəlmiş alman köçkünlərinin arabaları Yelizavetpol (indiki Gəncə) şəhərinə daxil olur.

1819-cu ildə almanlar hər birində təxminən 50 ailə olmaqla, 3 koloniya ilə Gəncədən 7-8 kilometr aralıda, Xanarxlar deyilən kəndə (indiki Göygöl şəhəri) köçərək Helenendorf koloniyasının əsasını qoyurlar. İçərisində 67 ailə olan digər dəstə isə Gəncədən 35 kilometr şimal-qərbdə yerləşən indiki Şəmkir torpaqlarında ikinci koloniyanı salırlar. Almanlar tərəfindən salınan koloniyalardan birincisi rus çarı Aleksandrın qardaşı arvadı Yelenanın şərəfinə Helenendorf, ikincisi isə bacısı şahzadə Anna Pavlovnanın şərəfinə Annenfeld adlandırılır.

1818-1831-ci illərdə Annenfeld sakinləri arasında xəstəlik yayılır, yüksək qızdırmadan 400-dən çox adam ölür. İlk illər Helenendorf sakinləri üçün də eyni dərəcədə ağır və məşəqqətli keçir. 1842-ci ildə I Nikolay sakinlərin köçürülməsi barədə əmr verir. Həmin il əmr Nazirlər Komitəsi tərəfindən təsdiqlənir və sonrakı ildə Annenfeld kəndi 8 mil şimala köçürülür.

O vaxtlar alman koloniyaçıları tərəfindən salınan hər iki yaşayış məntəqəsi plan üzrə inşa olunub. Həmin kəndlərdə geniş küçələr, zirzəmili, aynabəndli, eyvanlı və damın üstü kirəmitlə örtülü hündür çatmatağlı evlər tikilib. Sonralar Gəncə və Qazax qəzalarında almanların Georqsfeld (Şəmkirin Çinarlı qəsəbəsi), Alekseyevka, Qrünfeld (Ağstafanın Həsənsu kəndi), Ayxenfeld (Şəmkirin İrmaşlı kəndi), Traubenfeld (Tovuz şəhəri) və Yelizavetinka (Ağstafa şəhəri) kimi yeni koloniyaları yaranıb.

Azərbaycanda yaşayan almanların əksəriyyəti xristianlığın protestantlıq təriqətinə etiqad edirdilər. Ölkəmizdə ilk protestant kilsəsi də 1857-ci ildə məhz Helenendorfda tikilib. Kilsənin tikintisi üçün almanlar tərəfindən Nurud kəndinin yaxınlığındakı daş karxanasından qırmızı tuf daşı gətirilib, tikinti üçün lazım olan materiallar toplanılıb və binanın inşasına başlanılıb. Sonralar Gədəbəy, Şamaxı, Bakı, Şəmkir ərazisində də alman lüteran kilsələri tikilib istifadəyə verilib.

Almanların Azərbaycana yerləşdirilməsindən sonra - 50 il ərzində Gəncə ətrafında iki, Şəmkirdə üç, Tovuzda bir, Ağstafada üç alman yaşayış məntəqəsi salınıb və alman ailələrinin sayı 3400-ü ötüb.

Azərbaycanda alman izləri...

Almanların Azərbaycanın qərb bölgələrinə gəlişi ilə həmin yerlərin kənd həyatında böyük mədəni dəyişikliklər baş verib. Onların məskunlaşmasından sonra qərb bölgəsində yaşayan yerli azərbaycanlı kəndlilər də almanlar kimi zirzəmili, çardaqlı, damı kirəmitli, hündür çatma tağlı evlər tikməyə başlayıblar. Bu, o dövrdə yaşayış evlərinin tikintisində əsl inqilab demək idi. Evlərin inşası üçün yaxınlıqda yerləşən Mollacəlilli kəndində mövcud olan əhəng daşından, Göygöl meşələrində bitən ağacların gövdəsindən, eləcə də ətraf kəndlərdə bol ehtiyatı olan sarı torpaqdan və saman qırışığından istifadə edilib.

Bəzi məlumatlara görə, kənd təsərrüfatında işlədilən dördçarxlı at arabalarının düzəldilməsi almanların gəlişindən sonraya təsadüf edib. Cins inəkləri də ilk dəfə Azərbaycana almanlar gətiriblər. Ümumiyyətlə, sənaye üsulu ilə pendir və yağ istehsalı (Azərbaycanda ilk yağ-pendir zavodu Ziqanter adlı alman tərəfindən Helenendorfda tikilib), kənd yerlərində elektrik enerjisindən istifadə, elektrik dəmir yolunun salınması da onların adı ilə bağlıdır. Azərbaycanda üzümçülük və şərabçılığın inkişafında da alman koloniyaçılarının müstəsna xidmətləri olub. Almanlara qədər yerli əhali tərəfindən üzümün bir neçə sortu əkilib becərilsə də, ondan daha çox yemək üçün istifadə edilirdi. Üzümün şərabçılıq məqsədilə becərilməsində alman kolonistləri böyük iş görüb, o cümlədən Göygöl Şampan Şərabı Müəssisəsinin təməlini qoyublar.

Azərbaycanda alman izləri bununla bitmir. Gədəbəy misəritmə zavodlarının əsasının Azərbaycanda yaşamış Siemens qardaşları tərəfindən qoyulduğu, Bakendorfun rəhbərlik etdiyi alman firmalarının Bakıda - Balaxanıda, Suraxanıda, Ramanada, Sabunçuda sənaye üsulu ilə ilk neft çıxarmalarını da xatırlamaq yerinə düşər.

Bu gün açıq səma altında muzeyi xatırladan Göygöl şəhərində enli küçələr, taxtapuşlu-eyvanlı binalar, yoğun gövdəli, qollu-budaqlı azman çinarlar, kəhrizlər, arxlar bir sözlə, hər şey vaxtilə burada yaşayan, öz təsərrüfatlarını quran almanları xatırladır. Elə şəhərin qocaman sakinləri də almanları böyük məhəbbət və ehtiramla yad edir, onlar haqqında soruşan hər kəsə maraqlı xatirələrini danışırlar.

Ardı var.....

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.