ELM VƏ TƏHSİL


Multikultural mühit Azərbaycan xalqının tarix boyu formalaşan milli keyfiyyətidir

Bakı, 9 dekabr, Günel Məlikova, AZƏRTAC

Dekabrın 9-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə “Multikulturalizm konsepsiyasının sosial-fəlsəfi və mədəni əsasları” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ADMİU-nun rektoru, professor Fərəh Əliyeva konfransın mahiyyətindən danışıb. Bildirilib ki, məlum olduğu kimi 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilib və bununla bağlı bir sıra qurumlar tərəfindən silsilə tədbirlər həyata keçirilib. Rəhbərlik etdiyi ali təhsil ocağı tərəfindən təşkil olunan konfransın xarakter və mahiyyətcə bu tədbirlərin davamı olduğunu diqqətə çatdıran rektor ADMİU-nun təkcə böyük sənətkarlıq ənənələri deyil, həm də nəzəri biliklər sahəsində ciddi elmi tədqiqat fəaliyyəti ilə də tanındığını qeyd edib. Konfransın buna əyani sübut olduğunu söyləyən F.Əliyeva bildirib ki, multikulturalizm Azərbaycanda bir həyat tərzidir.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi Seyfəl Həsənov ölkəmizdə həyat tərzi olan multikulturalizmin fəlsəfi anlayışının çoxmillətliliyin bir amal ətrafında toplanma olduğunu bildirib. Ulu öndər Heydər Əliyevin bu amal uğrunda gördüyü əvəzsiz xidmətlərdən danışan S.Həsənov Ümummilli Liderin bu müstəvini ən yüksək səviyyəyə qaldırdığını, Azərbaycanın dəyərli sərvəti hesab etdiyini vurğulayıb. Azərbaycan multikulturalizminin bütün xalqlara örnək olduğunu deyən baş məsləhətçi, “Azərbaycan multikulturalizmi” fənninin dünyanın 20 nüfuzlu universitetlərində fənn kimi tədris olunduğunu söyləyib. S.Həsənov bunu dünyanın bizim milli-mənəvi sərvətimizə verdiyi dəyər kimi qiymətləndirib.

Digər çıxış edənlər Azərbaycanda formalaşan multikulturalizm anlayışından danışıblar. Bildirilib ki, ölkəmizdə mövcud multikultural mühit Azərbaycan xalqının tarix boyu formalaşan milli keyfiyyətidir və bütün dövrlərdə yaşam tərzi olub. Müxtəlif xalqların dostluq və qardaşlıq şəraitində yaşadığı Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlandığı, dövlət tərəfindən inkişaf etdirildiyi və geniş təbliği olunduğu xüsusi vurğulanıb.

Sonra konfrans işini ADMİU –da və Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Multikulturalizm və mədəni özünüdərk”, “Ədəbiyyat və incəsənətdə multikulturalizm ənənələri”, “Tarix, sosial və iqtisadi mühitdə multikulturalizm ideyaları” mövzularında bölmələrlə davam etdirib. Bölmə iclaslarında 60-dək məruzə dinlənilib, müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.