REGİONLAR
Multikulturalizm Azərbaycanda həyat tərzidir
Beyləqan, 12 avqust, AZƏRTAC
Multikulturalizm Azərbaycanda həyat tərzidir. Müxtəlif millətlərin, etnik qrupların və dinlərin nümayəndələri doğma Vətənləri olan Azərbaycanı sevir və burada yaşamaqdan qürur duyurlar.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Beyləqan rayon Mədəniyyət və Turizm şöbəsində “Multikulturalizm Azərbaycan dövlətinin siyasəti və onun həyat tərzidir” mövzusunda keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışılıb. Bildirilib ki, Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti vətəndaş həmrəyliyinin daha da möhkəmlənməsində mühüm rol oynayır. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsinin məqsədi də Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanılmasının, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunmasının təmin edilməsidir. Vurğulanıb ki, multikulturalizmin Azərbaycan modeli, xalqımızın tolerantlığı bütün dünya ölkələrinə nümunə ola bilər.