SİYASƏT
Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir
Bakı, 6 may, AZƏRTAC
Nərimanov Rayon İcra hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Kooperasiya Universitetində “Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan icra hakimiyyəti başçısının müavini İradə Mahmudova bildirib ki, Prezident İlham Əliyevin 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etməsinin məqsədi Azərbaycanda multikulturalizmin ənənələrinin qorunub saxlanılmasının, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunmasının təmin edilməsidir. Əsrlər boyu Azərbaycanda mültimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Onlarla millətin və xalqın nümayəndələri Azərbaycanı öz vətəni kimi qəbul edib və artıq uzun illərdir ki, bir ailə kimi yaşayırlar. Multikulturalizm Azərbaycanda artıq alternativi olmayan həyat tərzinə çevrilib. Multikulturalizm elə bir siyasətdir ki, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir. Multikulturalizm siyasəti assimilyasiyanı inkar edən inteqrasiyaya aparır. Məhz buna görə də bu siyasəti təkcə siyasi elita deyil, eyni zamanda, millətin yüksək vəzifə tutmayan digər nümayəndələri ilə yanaşı, həm də milli və dini azlıqlar dəstəkləyirlər.
Nərimanov rayonunda fəaliyyət göstərən 6 dini icma, “Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəylik Cəmiyyətinin rayon şöbəsi, Rus Mədəniyyət Mərkəzi, Şevçenko adına Ukrayna icması, Azərbaycan–Rus İcmasının rayon şöbəsi ilə konstruktiv əməkdaşlığın və ictimai əlaqələrin təkmilləşdirilməsi istiqamətində müvafiq addımlar atılır.
Dini Qurumlar üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin müdir müavini Ceyhun Əliyev, Azərbaycan Kooperasiya Universitetinin tarix kafedrasının müdiri Nizami Məhərrəmov, universitetin tələbə-gənclər təşkilatının sədri Tamerlan Əkbərov və digər çıxışçılar bildiriblər ki, multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. Multikulturalizm müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır. Azərbaycan digər istiqamətlərdə olduğu kimi bu istiqamətdə də uğurlu inkişafını davam etdirəcək. Bunun üçün Azərbaycanda zəruri olan siyasi və sosial şərait mövcuddur.