REGİONLAR


Multikulturalizm Azərbaycanın dövlət siyasətinə, xalqımızın həyat tərzinə çevrilib

A+ A

Yevlax, 21 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Sentyabrın 21-də Yevlax rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yevlax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Yevlax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qənimət Qaraşov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Yevlax bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Namiq Əliyev, dini icma sədrləri, din xadimləri, idarə və müəssisə rəhbərləri, kənd, qəsəbə bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransı açan Yevlax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qənimət Qaraşov Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildirib. Dövlətin din sahəsində yürütdüyü siyasətdən bəhs edən Q.Qaraşov bu ilin dövlətimizin başçısı tərəfindən “Multikulturalizm ili” elan edilməsinin ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin sülh şəraitində birgəyaşayış baxımından mühüm addım olduğunu diqqətə çatdırıb.

Sonra çıxış edən Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən multikulturalizm siyasətinin milli, ideoloji, ictimai təhlükəsizliyimizin əsas elementi olduğunu bildirib. Azərbaycan xalqının multikultural, tolerant dəyərlərinin ölkə və beynəlxalq səviyyədə təbliği və təşviqi istiqamətində həyata keçirilən tədbirlərdən danışan sədr müavini qeyd edib ki, respublikamızın bu sahədə nümunəvi ölkə olduğunu artıq beynəlxalq təşkilatlar, bu sahədə fəaliyyət göstərən ekspertlər, diplomatlar da təsdiq edib.

Gündüz İsmayılov multikultural cəmiyyətə əsas təhdid hesab olunan dini radikalizm və ekstremizmin fəsadlarından və bu kimi halların qarşısının alınması yollarından bəhs edib. Dini radikalizmlə mübarizə çərçivəsində görülən işlər haqqında məlumat verən sədr müavini bununla bağlı aparılan mübarizə tədbirlərindən danışıb.

QMİ-nin Yevlax bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Namiq Əliyev çıxış edərək dini radikalizmin fəsadlarından, radikalizm əleyhinə aparılan dini maarifçilik işinin əhəmiyyətindən söz açıb.

Tədbirdə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, YAP Yevlax Rayon Təşkilatının Aparat rəhbəri Əli Quliyev də çıxış ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasətinə, xalqımızın həyat tərzinə çevrilib, ölkəmizdə milli mənəvi dəyərlər yüksək səviyyədə qorunur.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.