CƏMİYYƏT
Multikulturalizm Mərkəzi Berlində beynəlxalq elmi konfrans keçirəcək
Bakı, 25 may, AZƏRTAC
Mayın 27-də Berlində, Brandenburq Elmlər Akademiyasında “Azərbaycan multikulturalizmi: tarixi təcrübələr və gələcəyin cəmiyyət modeli” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, konfransın təşkilatçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Alman Azərbaycan Forumu (DAF), Azərbaycanın Almaniyadakı səfirliyi və Berlin Humboldt Universitetidir.
Beynəlxalq konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov, AMEA-nın Əlyazmalar institutunun şöbə müdiri, professor Möhsün Nağısoylu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Bakı Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatının nümayəndəsi Mifodiy Efendiyev və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev məruzə ilə çıxış edəcəklər. Konfransa, eyni zamanda, Almaniyadan 50-dək elm, siyasət və media nümayəndəsinin qatılacağı gözlənilir.