ELM VƏ TƏHSİL
Multikulturalizm Mərkəzi Litva Pedaqoji Universitetində monitorinq keçirib
Bakı, 27 aprel, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici universitetlərdə tədrisi layihəsi çərçivəsində dərs gedişatının keyfiyyətinə nəzarət, fənnin tədris olunan universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə hər semestr ərzində iki dəfə Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinq aparılır.
Bu universitetlərdən biri də Litva Pedaqoji Universitetidir. Bu universitetə Multikulturalizm Mərkəzi tərəfindən monitorinq məqsədilə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə, dərs prosesinin mətbuatda işıqlandırılması məqsədilə Mərkəzin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Firuzə Abbasova ezam olunub.
Monitorinq zamanı Litva Pedaqoji Universitetində professor Rafael Həsənov tərəfindən tədris edilən “Azərbaycan multikulturalizmi” dərsinin “Etnik müxtəliflik və Azərbaycan multikulturalizmi” adlı ingilis dilində mühazirəsi dinlənilib. İyirmi tələbənin iştirakı ilə dərs çox maraqlı və interaktiv keçib. Mühazirənin sonunda professor İlham Məmmədzadə tələbələrlə tanış olub və onlara dərslərində uğurlar arzulayıb. Tələbələrə Multikulturalizm Mərkəzinin hazırladığı hədiyyələr təqdim olunub. Həmçinin “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu auditoriyada türkiyəli tələbələrin çoxluğunu nəzərə alaraq Litvadakı bir neçə universitetdə Türkiyə nümayəndəsi Güngör Aydemir ilə görüş keçirilib. O, başqa xarici dövlətlər kimi Türkiyədən gələn tələbələrin də bu dərsə maraq göstərdiyini və bu fənni öz tədris semestrlərinə daxil etmək istədiklərini bildirib. Güngör Aydemir bir neçə mühazirədə iştirak etdiyini və dərslərin çox maraqlı keçdiyini vurğulayıb.
Sonra mühazirədə iştirak edən Danqoliya Bilayte Şalaveya “Azərbaycan multikulturalizmi” fənninin tədrisi zamanı mühazirələrin onun Azərbaycan haqqında biliklərini daha da zəngişləşdirdiyini və bu fənnin tədrisinin onların Multikulturalizm Mərkəzi ilə, tələbələr və universitetlər arasında olan əlaqələrin güclənməsi üçün çox böyük təkan olduğunu söyləyib. Qeyd edib ki, bu fənn sayəsində o Azərbaycanda yaşayan müxtəlif azsaylı xalqlar, Azərbaycandakı tolerantlıq və multikulturalizm haqqında geniş məlumat alır.
Səfər çərçivəsində Azərbaycanın Litvadakı səfirliyində səfir Həsən Məmmədzadə və birinci katib Rufan Nəbiyevlə görüş keçirilib. Görüşdə Həsən Məmmədzadə “Azərbaycan multikulturalizmi” fənninin Litva Pedaqoji universitetində tədris edilməsinin Litva və Azərbaycanın təhsil sahəsində olan münasibətləri daha da inkişaf etdirdiyini və gücləndirdiyini qeyd edib. Səfir Litva Pedaqoji Universitetində Nizami Gəncəvi adına auditoriyanın açılması, Litva və Azərbaycan arasında münasibətlərin inkişafı, Litvada təhsil alan azərbaycanlı tələbələr haqqında məlumat verib. Professor İlham Məmmədzadə də “Azərbaycan multikulturalizmi” fənninin Litva Pedaqoji Universitetində tədrisinin çox yüksək səviyyədə olduğunu və bu faktorun iki ölkənin təhsil sahəsindəki münasibətlərinə müsbət təsir etdiyini vurğulayıb.
Daha sonra Litva Pedaqoji Universitetinin Beynəlxalq münasibətlər şöbəsinin müdiri Loreta Çokiedze və eyni zamanda, həmin universitetin İnkişaf və Münasibətlər Direktorluğunun rəhbəri Kestutis Şalaveyus ilə görüş keçirilib. Loreta Çokiedze bir neçə gün bundan əvvəl Rafael Həsənovu Vilnüs Universitetinə mühazirəyə dəvət etdiyini və professorun orada “Multikonfessionalizm və multikulturalizm Azərbaycanda” adlı mühazirə oxuduğunu qeyd edib. Universitetin müəllim və tələbə heyəti mühazirəni çox maraqla dinləyib. Litva Pedaqoji Universitetində Nizami Gəncəvi adına auditoriyanın olmasının onu çox sevindirdiyini və xarici tələbələr üçün Azərbaycanın çox maraqlı olduğunu bildirib. Loreta Çokiedze Multikulturalizm Mərkəzinin loqosunun çox gözəl, müasir və mənalı olduğunu xüsusilə qeyd edib.
Kestutis Şalaveyus Bakıda olduğunu, Azərbaycanı və azərbaycanlıları çox sevdiyini söyləyib. Söhbət zamanı “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici universitetlərdə tədris olunmasından da bəhs edilib.
Monitorinq zamanı Litva Pedaqoji Universitetinin rektoru Algirdas Qayjutis ilə də görüş keçirilib. Professor Algirdas Qayjutis Azərbaycanda olduğunu və konfranslarda iştirak etdiyini vurğulayıb.
Görüşdə Azərbaycanda və Litvada olan multikulturalizmdən danışılıb, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranmasından və fəaliyyətindən, “Azərbaycan multikulturalizmi” fənninin universitetdəki tədrisindən və elmin insanları necə birləşdirdiyindən bəhs edilib. Həmçinin rektor Algirdas Qayjutis və professor İlham Məmmədzadə fərqli illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin məzunu olduqları üçün fəlsəfədən maraqlı söhbət açılıb. Söhbətin sonunda professor Algirdas Qayjutisə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşr etdiyi kitabça və hədiyyə paketi təqdim olunub.