CƏMİYYƏT
Multikulturalizm Mərkəzinin Drezden filialının təqdimatında “Azərbaycan adlı möcüzə”
Bakı, 23 sentyabr, AZƏRTAC
Almaniyanın Drezden şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Drezden filialının təşkilatçılığı və “Alm.az” Alman-Azərbaycan Cəmiyyətinin birgə dəstəyi ilə dövlət müstəqilliyimizin bərpasının 25-ci ilinə həsr olunan “Azərbaycan adlı möcüzə” mövzusunda tədbir keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə həmyerlilərimizlə yanaşı, şəhər meriyasının deputatları, Saksoniya Kitabxanasının əməkdaşları, Drezden Universitetinin və Chemnitz şəhər gimnaziyasının müəllim-tələbə kollektivi, almaniyalı iş adamları, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.
BBMM-in Drezden filialının icraçı direktoru Birgit Vaysgerber çıxışında Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı 25 ildə nail olduğu uğurlardan danışıb. Direktor ölkənin ağır günlərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ictimai-siyasi sa¬bitliyi təmin etdiyini vurğulayıb. Bildirilib ki, Ulu Öndər zəngin iqtisadi bilik və təc¬rübəsi sayəsində Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirib, bu sahədə möv¬cud problemlərin həlli yollarını göstərib. Məhz onun inkişaf strategiyası nəticəsində Azərbaycan dün¬yanın siyasi xəritəsində geo¬stra¬teji mövqeyini möhkəmləndirib, qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilib.
“Əsrin Müqaviləsi”ndən söz açan B.Vaysgerber kontraktın müəllifi olan ulu öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin neftdən gələn kapitalı insan kapitalına çevirməsi strategiyasından, bu gün Azərbaycanda fəaliyyət göstərən “ASAN xidmət”in fəaliyyətindən, Prezidentin Sərəncamı ilə 2016-cı ilin ölkədə “Multikulturalizm ili” elan olunmasından və 2017-ci ildə almanların Azərbaycan ərazisinə köçürülmələrinin 200 illiyi münasibətilə müxtəlif silsilə tədbirlərin qeyd olunacağından danışıb.
B.Vaysgerber Azərbaycanın ev sahibliyi etdiyi müxtəlif beynəlxalq tədbirlərin yüksək səviyyəli təşkilindən söz açaraq iştirakçısı olduğu forumlar barəsində zəngin təəssüratlarını bölüşüb.
Azərbaycanda tam azad internet və mətbuatın olduğunu deyən icraçı direktor təəssüflə bildirib ki, bir çox hallarda Qərb heç bir əsas olmadan ikili standartlardan istifadə edir və Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir.
O, Azərbaycanın 20 faiz torpağının Ermənistan tərəfindən işğalını xatırladaraq bu münaqişə ilə bağlı BMT-nin qətnamələrinin işğalçı dövlət tərəfindən hələ də yerinə yetirilmədiyini, beynəlxalq ictimaiyyətin bu mövzuda susqunluq nümayiş etdirdiyini deyib.
Tədbirdə icraçı direktor multikulturalizmin dövlət siyasəti olduğu Azərbaycanın maddi-mənəvi irsi, əsrarəngiz təbiəti ilə yanaşı, yüksək tolerantlıq və multikultural dəyərləri yaşadan multietnik Azərbaycan xalqı haqqında qonaqlara dolğun məlumat verib.
BBMM-n Drezden filialının müşaviri və “Alm.az” Cəmiyyətinin sədri Ağa Hüseyn Babayevin də çıxış etdiyi tədbirdə ölkəmiz haqqında videoçarx təqdim olunub, milli musiqimiz səslənib, qonaqlar Azərbaycan mətbəxinin ləziz təamlarından dadıblar.