CƏMİYYƏT


“Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kitabının təqdimatı olub

Bakı, 27 dekabr, AZƏRTAC

Dekabrın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) hüquq elmləri doktoru Şirxan Adıgözəlovun “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kitabının təqdimat mərasimi keçirilib.

BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Milli Məclisin deputatların, BBMM-in əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi görüşdə çıxış edən mərkəzin icraçı direktoru Azad Məmmədov kitabı “Multikulturalizm ili”nin dəyərli nəşri kimi səciyyələndirib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin salamını tədbir iştirakçılarına çatdıran müşavirliyin baş məsləhətçisi Etibar Nəcəfov BBMM-in hazırda ölkənin 40, dünyanın 15 universitetində həyata keçirdiyi tədris layihəsindən danışıb. Sözügedən nəşrin gələcəkdə tədris prosesində qiymətli əyani vəsait kimi istifadə ediləcəyini vurğulayıb.

Milli Məclisin deputatı, professor Elman Nəsirov kitabda multikulturalizm fenomeninə beynəlxalq təcrübə və Azərbaycan reallıqları prizmasından yanaşıldığını bildirərək deyib: “Müəllif faktlar və arqumentlərə söykənərək multikulturalizmin Azərbaycan modelinin mahiyyətini, məzmununu göstərib. Məhz ulu öndər Heydər Əliyevin, ilk növbədə, multikulturalizm siyasi modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya nümayiş etdirib. “Azərbaycan əhalisinin çoxminli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq”, - deyən Ulu Öndər bütün sonrakı fəaliyyətini bu sərvətin əbədi olmasına yönəltdi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı Prezident tərəfindən uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ölkəmizin multikultural dəyərlərin inkişafına və möhkəmləndirməsinə verdiyi önəmin göstəricisidir. “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” nəşrini də xalqımızın multikultural ruhunu özündə yazılı şəkildə yaşadan nəşr kimi qiymətləndirə bilərik”.

Əsrlərdir Azərbaycanda müxtəlif etnik qrupların və fərqli etiqada malik insanların yanaşı yaşadığını bildirən Milli Məclisin deputatı Mahir Abbaszadə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində bundan sonra da bu dinc, qardaşcasına birgəyaşamın davam edəcəyinə əminliyini ifadə edib.

Qırğızıstanın Azərbaycandakı səfiri Ayciğit Buranov, Giresun Universitetinin keçmiş rektoru, Azərbaycanşünas alim, professor Aygün Attar Azərbaycandakı yaşadığı müddətdə bu ölkədə dünyada bənzəri olmayan unikal multikultural modelin və tolerant yanaşı yaşamanın əyani şahidi olduğunu vurğulayıb.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, professorlar Sakit Hüseynov, Musa Quluzadə kitabla bağlı fikirlərinin bölüşüblər.

Müzakirələr zamanı kitabın “Multikulturalizm siyasəti və beynəlxalq təcrübə”, “Multikulturalizmin alternativi: islamofobiya” və “Multikulturalizm Azərbaycanda dövlət siyasəti və ictimai sifarişdir” bölmələri xüsusi maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.