MƏDƏNİYYƏT
Multikulturalizm ənənələri ilə zəngin Azərbaycanda “Maykl Cekson. Kraldan da artıq” fotolayihəsi
Bakı, 25 iyun, Ayişə Axundova, AZƏRTAC
Bənzərsiz ifaçı və mahnılar müəllifi, rəqqas, son dərəcə istedadlı artist, milyonların sevimlisi Maykl Cekson 2009-cu il iyunun 25-də dünyadan köçəndə yaradıcılığının zirvəsində idi. 25 iyun pop-musiqi kralının istedadının pərəstişkarları üçün kədərli tarixdir. Artistin xatirəsi multikulturalizm ənənələrinə sadiq olan Azərbaycanda da anılır.
Azərbaycanın Əməkdar Artisti Naina İbrahimova həmişə geniş əks-səda doğuran çoxsaylı maraqlı fotolayihələrin müəllifi kimi tanınır. O, bu layihələrdə XX əsrin meqa ulduzlarının obrazlarında çıxış edir. Belə fotolayihələrdən biri “Maykl Cekson. Kraldan da artıq” adlanır. Aktrisa burada pop-musiqi kralının obrazında çıxış edərək, misilsiz ifaçının həyatının müxtəlif məqamlarını əks etdirib. Fotolayihə təkcə Bakıda deyil, bütün dünyada böyük maraqla qarşılanıb. Aktrisa AZƏRTAC-a məxsusi müsahibəsində deyib: “Bir qədər mistik görünsə də, bu fotolayihə Maykl Ceksonun ölümündən düz on gün əvvəl düşünülüb. Milyonlarla insanın sevimlisi dünyasını dəyişəndən sonra mən onun həyatının müxtəlif məqamlarını əks etdirən fotoşəkillər yaratmağı qərara aldım. Bu yaradıcılıq işində mənə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı səhnəsindəki həmkarlarım, dostlarım və məsləkdaşlarım kömək etdilər. Məsələn, Əməkdar artistlər Natalya Şarovskaya və Mələk Abbaszadə, habelə Xalq Artisti Məbud Məhərrəmov müvafiq olaraq gözəl aktrisa Elizabet Teylorun, qaradərili müğənni Dayana Rossun, tanınmış bəstəkar və prodüser Kuinsi Consun obrazında çıxış ediblər. Fotolayihəyə “Eurovision” mahnı müsabiqəsində Azərbaycanın təmsilçisi kimi məşhurlaşan Aysel Teymurzadə, model Züleyxa Akçurina, habelə müxtəlif teatr aktyorları cəlb olunublar. Layihənin fotoqrafları Aynur Əliyeva, Tağı Hacıyev, qrimçi-rəssamı Nura Babayeva, kostyum üzrə rəssamları Şəlalə Maqsudova, Günel Behbudova, prodüserləri Ranar Musayev, Zöhrab Ağayev, təşkilatçısı Aleksandr Kramarenkodur. Bütün çəkilişlər Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi ilə şəhərin müxtəlif obyektlərində aparılıb, montaj işləri “Atəş” kinostudiyasında yerinə yetirilib.
Polşanın musiqi saytlarından birinin versiyasına görə, Azərbaycan ABŞ-dan sonra Maykl Ceksonun rəsmi oxşarının mövcud olduğu ikinci ölkədir, sonra Yaponiya və Rusiya gəlir. Dünyanın müxtəlif ölkələrində pop-musiqi kralının oxşarları haqqında kinolentlər yaradılandan sonra mən 2012-ci ildə “Maykl Ceksonun həyatı haqqında filmdə aktyorluq məharətinin orijinal təzahürünə görə şou-biznes sahəsində milli mükafata” layiq görüldüm, müxtəlif illərdə bu sahədə bir sıra digər mükafatlar da aldım.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan edib. Hər il Maykl Ceksonun vəfatının ildönümündə mən bu fotolayihəni pop-musiqi kralının həyatından yeni kadrlarla zənginləşdirməyə çalışıram, bu işə milyonların sevimlisinin nurlu xatirəsinin dünya miqyasında ehtiramla anılması işinə multikulturalizm ənənələri ilə zəngin Azərbaycanın töhfəsi kimi böyük diqqət və qayğı ilə yanaşıram.